AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan XİN vətəndaşları İsrailin Livanla sərhədyanı ərazisinə səfər etməməyə çağırıb

XİN vətəndaşlarımıza yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edib.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi Livan və İsrail arasındakı gərginliklə əlaqədar vətəndaşları İsrailin Livan sərhədinə yaxın ərazilərinə səfər etməməyə çağırış edib.
Bu barədə xarici siyasət idarəsinin müraciətində bildirilib.
“Livan və İsrail arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust 2024-cü il tarixlərində edilmiş səyahət xəbərdarlıqlarına ciddi şəkildə riayət etməyin vacib olduğunu diqqətə çatdırırıq.
Bununla yanaşı, İsrail ərazisində xüsusi vəziyyət elan edilməsi ilə əlaqədar, vətəndaşlarımıza İsrailin Livan sərhədinə yaxın ərazilərə səfər etməməyi və yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edirik” – XİN-in mətbuat xidməti qeyd edib.
Əlaqə vasitələri:
Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi
telaviv@mission.mfa.gov.az
+972 50 356 95 82
Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi
beirut@mission.mfa.gov.az
+961 4 922 066.
24.09.24, 20:24
XİN: Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir
Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
O bildirib ki, Livanda ümumiyyətlə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı cüzidir: "Baş verən hadisələrdə yaralanan və ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə xəbər yoxdur".
Qeyd edək ki, sentyabrın 23-də İsrailin Ordusu paytaxt Beyrut daxil olmaqla Livana hava hücumları həyata keçirib. Nəticədə ölənlərin sayı 492-yə çatıb, azı 1645 nəfər xəsarət alıb.