AZƏRBAYCAN XƏBƏRLƏRİ

Seçkilər zamanı Azərbaycana qarşı kiber hücumlara cəhdlər olub

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi bildirib ki, "Facebook", "İnstagram", "Tiktok" kimi platformalarda dezinformasiyalar yayılır.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Təkcə COP29 deyil, digər beynəlxalq tədbirlər zamanı da Azərbaycana qarşı çoxlu sayda kiber hücumlar olur.
Bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.
"Vətəndaşlar bunu görmür. Xidmət olaraq bu məlumatların hamısını açıqlaya bilmirik. Amma bu hücumların qarşısı alınır. Bəzən rüblük olaraq bu məlumatları öz informasiya vasitəmizdə yerləşdiririk. Vətəndaşlara və dəvlət qurumlarına qarşı kiber hücumlar və təhdidlər olur. Həmçinin COP29-la bağlı belə hücumlar baş verir", İ.Musayev əlavə edib.
O bildirib ki, seçkilər zamanı da Azərbaycana qarşı kiber hücumlara cəhdlər vardı: "Prezident və Milli Məclisə seçkilər zamanı kiber hücumlara cəhdlər edilirdi. Sadəcə biz onların hamısını açıqlaya bilmirik. Amma bununla bağlı gündəlik iş gedir. "Facebook", "İnstagram", "Tiktok" kimi platformalarda dezinformasiyalar yayılır. Biz həmin platformalarla birgə işləməklə bunların qarşısını alırıq".
"COP29-la bağlı dezinformasiya yayan 15 resurs bağlanıb"
İlqar Musayev deyib ki, COP29-la bağlı saxta xəbərlər, dezinformasiyalar yayılır. Bu xəbərlərdə guya COP29-la bağlı iş yerlərinin açılması, yaxud hansısa maliyyə dəstəyinin göstəriləcəyi kimi feyk məlumatlar olur: "Bu məlumatları daim analiz edirik. Onların yerləşdirildiyi resursların bloklanması üzrə işlər gedir. Son iki ayda biz tərəfdən həmin dezinformasiya yayan 15 resurs bağlanılıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.