RUSİYA

Putin dünyaya nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq etdi

Prezident qeyd edib ki, hər hansı qeyri-nüvə dövlətinin Rusiyaya qarşı təcavüzü, onun nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə Rusiya Federasiyasına birgə hücumu kimi qiymətləndiriləcək.
Sputnik
BAKI, 25 sentyabr - Sputnik. Nüvə triadası Rusiyanın təhlükəsizliyinin təmin edilməsi üçün əsas olaraq qalır və nüvə silahından istifadə şərtlərinə bir sıra dəyişikliklərin edilməsinə ehtiyac var.
Bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının nüvə silahından çəkindirmə üzrə daimi iclasında qeyd edib.
“Bu gün nüvə triadası dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsinin ən mühüm təminatı, dünyada strateji paritetin və qüvvələr balansının qorunmasının aləti olaraq qalır” - Putin deyib.
Prezident strateji planlaşdırmanın müasir şəraitə uyğunlaşdırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, nüvə silahının qarşısının alınması sahəsində Rusiya dövlət siyasətinin əsaslarına dair dəqiqləşdirmələr yoxlanılır. Bunlar hərbi təhdid və risklərə mütənasibdir.
“Nüvə silahından istifadə şərtlərinin müəyyənləşdirilməsi ilə bağlı bir sıra dəqiqləşdirmələrin aparılması təklif olunub” - dövlət başçısı vurğulayıb.
Putin həmçinin əlavə edib ki, sənədin yenilənmiş variantında hər hansı qeyri-nüvə dövlətinin Rusiyaya qarşı təcavüzü, onun nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə Rusiya Federasiyasına birgə hücumu kimi qiymətləndiriləcək. Nüvədən qorunma sahəsində Rusiya dövlət siyasətinin prinsipləri layihəsində ölkələr və hərbi ittifaqlar kateqoriyası, hərbi təhdidlərin siyahısı genişləndirilib.
“Rusiyanın nüvə silahından istifadəyə keçməsi üçün şərtlər aydın şəkildə müəyyən edilib. Biz aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması və onların dövlət sərhədimizi keçməsi barədə etibarlı məlumat əldə etdikdən sonra bu imkanı nəzərdən keçirəcəyik” - deyən prezident əlavə edib ki, söhbət strateji və ya taktiki təyyarələrdən, qanadlı raketlərdən, PUA-lardan, hipersəsli və digər uçan cihazlardan gedir.
O, Moskvanın İttifaq dövlətinin üzvü kimi Rusiya və Belarusa qarşı təcavüz halında nüvə silahından istifadə etmək hüququnu özündə saxladığını vurğulayıb.
“Rusiyanın suverenliyinə adi silahlahla belə kritik təhlükə nüvə cavabına zəmin yaradacaq” - dövlət başçısı vurğulayıb.
Rusiyanın hərbi doktrinaları və “Nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları” nüvə silahından istifadənin mümkün olduğu ssenariləri müəyyən edir. Xüsusilə, bu, kütləvi qırğın silahlarından istifadə etməklə Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüz zamanı və ya adi silahlardan istifadə nəticəsində dövlətin mövcudluğuna təhlükə yarandıqda mümkündür.