BAKI, 25 sentyabr — Sputnik. Tarif (qiymət) Şurasının 25 sentyabr 2024-cü il tarixində növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.
Nazirlər Kabinetinin 2024-cü il 3 aprel tarixli 197 nömrəli Qərarı ilə qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb. Bu xidmətlərin tarifləri "Azəristiliktəchizat" ASC ilə müqavilə əsasında müəyyən ediləcək. Bununla əlaqədar Şuranın 24 noyabr 2011-ci il tarixli 4 nömrəli Qərarı Nazirlər Kabinetinin müvafiq Qərarına uyğunlaşdırılıb.
Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar.
Qeyd edək ki, bundan öncə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı Sputnik Azərbaycan-a bildirib ki, 2024-cü il sentyabrın 1-dən etibarən qeyri-əhali istehlakçıları üçün istilik xidmətləri ilə bağlı qiymətlər müqavilə ilə müəyyən ediləcək: "İndiyə kimi qeyri-əhali istehlakçıları 1 kubmetr isidilən həcm üçün aylıq 25 qəpik ödəyirdilər. Bundan sonra isə qiymətlər müqavilə ilə müəyyən ediləcək. Yenilik ondan ibarətdir ki, qeyri-əhali qrupu üçün istilik xidmətləri ilə bağlı qiymətlər dövlət tərəfindən tənzimlənən qiymətlərin siyahısından çıxarılıb. Yəni bundan sonra qeyri-əhali qrupu üçün istilik xidmətləri tariflərini Tarif Şurası müəyyən etməyəcək. Bu qərar əhali qrupuna aid deyil".
O bildirib ki, sentyabrın 1-dək qeyri-əhali üçün istilik xidmətləri ilə bağlı xərclər müəyyən ediləcək və ona uyğun da müqavilələr bağlanacaq: "Qeyri-əhali qrupu üçün istilik xidmətləri ilə bağlı qiymətlər dəyişəcək. Ancaq bu qiymətlərin bahalaşıb və ya ucuzlaşacağını indidən demək mümkün deyil".
Xatırladaq ki, Azərbaycanda qeyri-əhali qrupuna aid istehlakçılar üçün istilik xidmətlərinə görə hesablaşmalar müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçiriləcək. Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib. Dəyişikliyə görə, qeyri-əhali istehlakçıları üçün istilik xidmətləri ilə bağlı qiymətlər dövlət tərəfindən tənzimlənən qiymətlərin siyahısından çıxarılıb.
Sənəddə deyilir ki, ölkədə qiymətləri dövlət tərəfindən tənzimlənən sahələrin liberallaşması istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Nazirlər Kabineti bu qərarı qəbul edib.
Əhali üçün istilik xidməti tarifində dəyişiklik yoxdur
Onu da xatırladaq ki, hazırda əhali qrupu üçün istilik xidməti tarifi 1 kvadratmetr yaşayış sahəsinə görə aylıq 15 qəpikdir və bu tarifdə dəyişiklik yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.