BAKI, 25 sentyabr — Sputnik. Nyu-Yorkda sentyabrın 26-da ABŞ-nin Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
"Nyu-Yorkda sentyabrın 26-da ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş planlaşdırılır", A.Hacızadə bildirib.
O qeyd edib ki, hazırda əlavə heç bir təfərrüat barədə danışa bilməz.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları sonuncu dəfə 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində görüşüblər.
22 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.