BAKI, 25 sentyabr — Sputnik. Sentyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Belarus Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüş keçirib.
Nazirlikdən bildiriblər ki, görüşdə Azərbaycanla Belarus arasında hərbi sahədə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, mövcud əlaqələrin genişləndirilməsi müzakirə edilib. Tərəflər həmçinin regional təhlükəsizlik və maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Daha sonra general-polkovnik Z.Həsənov Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitriy Pantus ilə görüşüb. Görüşdə hərbi-texniki əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 25-də Bakıya gəlib.
Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanda səfərdədir
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Pavel Muraveyko "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 25-də Bakıya gəlib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirə olunması məqsədilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, sentyabrın 24-də "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin Bakı Ekspo Mərkəzində açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti mərasimdə iştirak edib.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə müxtəlif ölkələri təmsil edən çoxsaylı şirkətlər və rəsmi nümayəndə heyəti bir araya gəlib.
Sərgi çərçivəsində ilk dəfə olaraq Müdafiə Nazirliyinin stendi də nümayiş olunur. Stenddə silahlanmada olan müasir silah sistemləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin təchizatı sərgilənir. Eyni zamanda Müdafiə Nazirliyinin tabeliyində olan təmir müəssisələrinin imkanları da təqdim edilir.
Sərgidə, həmçinin Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri barədə ətraflı məlumat verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.