CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müğənninin qızının geyiminə irad bildirən məktəbdən açıqlama

Məktəb rəhbərliyi iddia edir ki, valideynirada görə məktəb rəhbərliyinə qarşı qeyri-etik ifadələr işlədib.
Sputnik
BAKI, 24 sentyabr — Sputnik. Nazirlər Kabinetinin 96 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir. Həmin qərara əsasən 42 nömrəli məktəbin Pedaqoji Şurası tərəfindən valideynlərin rəyi nəzərə alınaraq 4 nümunədə geyim formasından biri (mavi və boz) seçilib. Bununla bağlı öncədən valideynlərə də məlumat verilib.
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq 42 nömrəli məktəbdən bildirilib.
Qeyd edilib ki, bu gün məktəb rəhbərliyi tərəfindən şagird (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) açıq rəngdə ətək geyindiyi üçün ona irad bildirilib və boz rəngdə ətək geyinməsi tövsiyə olunub. Valideyn isə irada görə məktəb rəhbərliyinə qarşı qeyri-etik ifadələr işlədib.
Övladları məktəbdə bu dərs ilindən təhsil alan valideynlərə tövsiyəmiz ondan ibarətdir ki, məktəbdaxili qaydalara hörmətlə yanaşsınlar və uşaqların məktəb mühitinə effektiv şəkildə uyğunlaşmasına dəstək olsunlar.
Qeyd edək ki, eyni görünüşə malik olan məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir.
Xatırladaq ki, bu gün səhər saatlarında müğənni Samir Piriyevin həyat yoldaşı Anara Piriyeva videomüraciət yayaraq 42 nömrəli tam orta məktəbin direktorundan şikayətçi olduğunu bildirib. O qeyd edib ki, sözügedən məktəbin direktoru onun qızının geyiminə haqsız yerə irad bildirib.
"Bu 42 saylı orta məktəbin direktoruna əncam çəkən olsa idi, şagirdlərin və valideynlərin canı dincələrdi. Yaxşı ki, mən Fərəhin yanında idim. Uşağı kənara çəkib deyir ki, əynindəki ətək məktəb üçün deyil. Mən də ona sual verdim ki, "Nə ətəyidir? Bazar, klub ətəyidir? Məktəb ətəyidir də… Məktəb ətəyi nə rəngdə olur?" Cavab verir ki, "Fərəhin ətəyi ağ rəngdədir". Amma düz demir çünki Fərəhin ətəyi boz rəngdə idi. Ona dedim ki, siz rəngləri ayırd edə bilmirsiniz. Bu direktor özünü nə hesab edir? O gün də bir məktəbli qızın üzərinə qışqırıb", deyə valideyn bildirib.
Məlumat üçün bildirək ki, ötən gün Tibb Universitetinin müəllimi Nazxanım Qasımova sosial şəbəkədə ali təhsil müəssisəsinin tələbələrindən birinin geyimi ilə bağlı etdiyi paylaşım edib. Həmin paylaşım ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb.
Məsələ ilə əlaqədar ATU-nun Epidemiologiya kafedrasının assistenti N.Qasımova universitetin müvafiq şöbəsinə dəvət olunub və onunla bu barədə söhbət aparılıb, müəllimin bu məsələyə reaksiyasını ifadə etmə formasının yanlış olduğu onun nəzərinə çatdırılıb.