TƏHSİL

Əlavə dərs vəsaitlərinin qiyməti bahalaşıb - Foto Video

Valideynlər isə əlavə dərs vəsaitlərinin qiymətinin bahalaşmasının onların büdcəsinə əhəmiyyətli dərəcədə təsir etdiyindən gileylənirlər.
Sputnik
BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanda əlavə dərs vəsaitlərinin, abituriyentlərin ali məktəbə hazırlaşması üçün istifadə edilən test tapşırıqlar toplularının qiymətləri bahalaşıb. Valideynlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, ötən il 10-12 manata aldıqları əlavə vəsaitlər bu il 15 manata qalxıb.
Valideyn Gülər Qurbanova Sputnik Azərbaycan-a bildirib ki, "Güvən nəşriyyatı"nın çap etdiyi Ədəbiyyat test tapşırığı kitabını bu il 15 manata alıb. G. Qurbanova deyib ki, İngilis dili üzrə dinləmə və oxu test kitabının qiyməti isə 14 manat 50 qəpikdir. Valideyn Azərbaycan dili abituriyentlər üçün test tapşırıqlar toplusunun qiymətinin də 15 manat olduğunu söyləyib.
Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, qiyməti 15 manata qalxan əlavə dərs vəsaitlərinin çoxu "Güvən" nəşriyyatının çap etdiyi kitablardır.
"Güvən" nəşriyyatının Taleh adlı əməkdaşı Sputnik Azərbaycan-a qiymət artımının kitabın içərisindəki mətn və səhifə sayı ilə bağlı olduğunu söyləyib.
"Bizim çap etdiyimiz kitabların bəzilərinin qiyməti ucuzlaşıb. Qiymətlər keçən illə müqayisədə o qədər də baha deyil. Sadəcə kitabın içində mətn və səhifə sayı çox olduqda qiymət artır. Amma ümumilikdə kitabların qiymətinin bahalaşmasına son bir neçə aydır ki, dizelin, ictimai nəqliyyatın və digər xidmətlərin bahalaşması təsir edir. Bütün sferalarda qiymət artımı müşahidə olunur ki, bu da kitabların qiymətindən yan keçmir",deyə nəşriyyatın nümayəndəsi söyləyib.
Valideynlər isə əlavə dərs vəsaitlərinin qiymətinin bahalaşmasının onların büdcəsinə əhəmiyyətli dərəcədə təsir etdiyindən gileylənirlər.
Kitab mağazasında həmsöhbət olduğumuz valideyn Zəkiyyə Muradova bildirib ki, bu il iki övladı repetitor hazırlığına gedir. O, bir övladına əlavə vəsait almaq üçün ən azı 90 manat pul xərclədiyini söyləyib. Bildirib ki, repetitorların istifadə etdikləri əlavə vəsaitlərin çoxu "Güvən" nəşriyyatının istehsalıdır. Bu nəşriyyatın əlavə vəsaitlərinin qiymətlərində isə iki ildir artım müşahidə olunur.
Əlavə dərs vəsaitləri
"Müəllimlər hər fənndən ən azı iki əlavə vəsait almağı tapşırır. 5 fəndən hazırlığa gedən uşağa ən azı 150 manat əlavə vəsaitlər almağa pul sərf olunur. Bu il çap olunan kitab gələn ilə yaramır. Hər il yeni mətnlər əlavə edib çap edirlər deyə, köhnə, işlənmiş kitabları da almaq olmur. Valideynləri düşünən yoxdur. Bilmirik repetitora pul çatdıraq, yoxsa əlavə vəsaitlərə", deyə valideyn narazılığını bildirib.
Təhsil üzrə ekspert Kamran Əsədov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün əlavə dərs vəsaitlərinin qiyməti kifayət qədər bahalaşıb.
O, bildirib ki, əlavə dərs vəsaitlərinin bahalaşması həm valideynlər, həm də tələbələr üçün böyük problemə çevrilib.
"Azərbaycanda son illərdə dərs vəsaitlərinin, xüsusilə əlavə materialların qiymətlərində artım müşahidə olunur, bu da təhsil sistemində bərabərsizlik yarada və təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər", - Kamran Əsədov deyib.
Kamran Əsədov
Həmsöhbətimiz əlavə dərs vəsaitlərinin əhəmiyyətinə də toxunub. Bildirib ki, əlavə dərs vəsaitləri təhsil prosesində vacib rol oynayır. Çünki onlar əsas dərsliklərdə çatışmayan mövzuları dərinləşdirir və daha ətraflı izah edir: " Məsələn, bəzi dərsliklər müəyyən mövzuları səthi şəkildə izah edə bilər, lakin əlavə dərs vəsaitləri bu mövzuların daha geniş və dərin başa düşülməsinə kömək edir. Orta məktəb şagirdləri, xüsusən də universitetə hazırlaşanlar üçün test və ya praktiki sualların olduğu əlavə vəsaitlər imtahan uğurlarını artırmaq baxımından əhəmiyyətlidir. Bu materiallar şagirdlərin təhsil proqramını təkrarlaması və müxtəlif növ tapşırıqlar üzərində işləməsi üçün imkan yaradır".
K.Əsədov onu da əlavə edib ki, hər bir şagirdin fərqli təhsil ehtiyacları var. Əlavə dərs vəsaitləri bu fərqlilikləri nəzərə alaraq, fərdi yanaşmanı təmin edir. Bəzi şagirdlər dərslərdə çətinlik çəkdikləri sahələr üzrə əlavə köməyə ehtiyac duyur, bu zaman isə xüsusi vəsaitlər vacib rol oynayır.
O ki, qaldı əsas məsələ, əlavə vəsaitlərin qiymətinin artmasına, ekspert deyir ki, bunun bir neçə əsas səbəbi var.
Əlavə dərs vəsaitləri
"Kitabların çapı, kağız və digər xammal məhsullarının qiymətlərində artımlar müşahidə olunur. Azərbaycanda və qlobal səviyyədə inflyasiya və istehsal xərclərinin artması nəticəsində nəşriyyatlar əlavə xərcləri qiymətlərə yansıdır. Nəşriyyatlar və distribusiya şirkətləri, yəni kitabları istehsal edib paylayan şirkətlər, öz əməliyyat xərclərini ödəmək üçün qiymət artımına gedirlər. Bu isə təbii olaraq kitabların satış qiymətlərinə təsir edir. İdxal edilən dərs vəsaitləri üçün valyuta kurslarının dəyişməsi də qiymətlərin yüksəlməsinə səbəb olur. Məsələn, xaricdə çap olunan materiallar və ya beynəlxalq nəşriyyatların məhsulları Azərbaycanda daha baha qiymətə satılır. Əlavə dərs vəsaitlərinin qiymət artımı qlobal iqtisadi şərtlərə və yerli bazar reallıqlarına uyğun olaraq məntiqli görünsə də, bu artım bir sıra problemlərə səbəb olur", - ekspert bildirib.
K.Əsədov vurğulayıb ki, bahalaşma nəticəsində əlavə vəsaitlərə əlçatanlıq azalan sosial qruplar üçün ciddi problemlər yarada bilər. Onun sözlərinə görə, yüksək qiymətə görə bəzi ailələr uşaqları üçün əlavə dərs materialları ala bilmirlər. Bu isə kasıb ailələrin uşaqlarının təhsil uğurlarını mənfi təsir edə bilər və təhsil bərabərsizliyini dərinləşdirə bilər: "Əlavə dərs vəsaitləri imtahanlara hazırlıq, mövzuların dərinləşdirilməsi üçün vacibdir. Bu materialları əldə edə bilməyən şagirdlər daha az bilik əldə edə bilər və imtahanlarda uğursuz ola bilər".
Ekspert bildirib ki, bu da valideynlərin maddi yükünün artmasına səbəb olur.
"Azərbaycanda onsuz da kirayə, nəqliyyat və digər təhsil xərcləri ilə mübarizə aparan bir çox valideyn üçün əlavə dərs vəsaitlərinin bahalaşması maddi yükü daha da artırır. Bu da təhsilin əlçatanlığını məhdudlaşdırır. Bir çox ölkələrdə əlavə dərs vəsaitlərinin qiymət artımı ilə bağlı problemlər təhsil siyasəti vasitəsilə həll edilir", - K.Əsədov deyib.
Əlavə dərs vəsaitləri
Ekspert xarici ölkələrdən Fransada təhsilin dövlət tərəfindən maliyyələşdirildiyini, əlavə dərs vəsaitlərinin çox vaxt pulsuz və ya çox aşağı qiymətə təmin edildiyini söyləyib. Bildirib ki, bu da şagirdlər arasında bərabərsizliklərin qarşısını alır:
"Finlandiyada bütün şagirdlər üçün dövlət tərəfindən təmin olunan tədris materialları mövcuddur. Təhsil resurslarına əlçatanlıq yüksəkdir və əlavə vəsaitlərin istifadəsi nadir hallarda lazım olur. Almaniyada məktəblər əlavə dərs materiallarını şagirdlər üçün təmin edir və tələb olunan materiallar çox vaxt dövlət tərəfindən maliyyələşdirilir. Azərbaycanda əlavə dərs vəsaitlərinin qiymət artımının təhsilə mənfi təsirini azaltmaq üçün bir neçə addım atıla bilər. Bunun üçün dövlətin təhsil sahəsinə maliyyə dəstəyi artırılmalıdır. Əlavə dərs vəsaitlərinin qiymətlərinə müəyyən məbləğdə subsidiya tətbiq oluna bilər.
Məsələn, məktəblərdə şagirdlərə pulsuz və ya çox aşağı qiymətə əlavə tədris materiallarının paylanması təmin edilə bilər. Rəqəmsal tədris resurslarının daha geniş istifadə edilməsi təhsil xərclərini azalda, elektron dərsliklər və onlayn materiallar şagirdlərin təhsil resurslarına daha ucuz və geniş əlçatanlığı təmin edə bilər. Həmçinin azgəlirli ailələr üçün dövlət tərəfindən təhsil üçün maliyyə yardımı proqramları tətbiq oluna bilər. Bu yardımlar xüsusi olaraq dərs vəsaitlərinin alınmasına yönəldilə bilər.
Beləliklə, əlavə dərs vəsaitləri şagirdlərin təhsilində vacib bir rola sahibdir və onların istifadəsi təhsil prosesini zənginləşdirir. Lakin bu vəsaitlərin qiymətinin bahalaşması təhsildə bərabərsizliklər yaradır və valideynlərin üzərinə maddi yük qoyur. Qiymət artımı qlobal iqtisadi şəraitlə izah olunsa da, dövlət səviyyəsində tədbirlərlə bu məsələ həll edilə bilər. Azərbaycanda təhsil bərabərliyinin təmin edilməsi və əlavə dərs vəsaitlərinə daha asan əlçatanlıq üçün dövlət dəstəyi və rəqəmsal resursların genişləndirilməsi vacibdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.