ELM

BMT süni intellekti tənzimləyəcək xüsusi orqan yaradır

Eyni zamanda, bu sahədə qlobal fondun yaradılması, fəaliyyətləri tənzimləmək üçün Katiblik ofisinin təsis olunması da planlaşdırılır.
Sputnik
BAKI, 24 sentyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatı süni intellektin (AI) tənzimlənməsi üzrə təkliflər verib.
Sputnik Azərbaycan təşkilatın saytına istinadla xəbər verir ki, BMT-nin Süni İntellekt üzrə Yüksək Səviyyəli Məsləhətçi Qurumunun dərc etdiyi yeni hesabatda ekspertlər süni intellektin effektiv idarəçiliyini qurmaq üçün təcili qlobal tədbirlər görməyə çağırıblar.
"Bəşəriyyətin gələcəyi naminə süni intellektin idarə edilməsi" adlı hesabatda vurğulanır ki, hərtərəfli, beynəlxalq səviyyədə əlaqələndirilmiş idarəetmə çərçivəsi həyata keçirilmədikcə, AI-nin sürətli inkişafı bərabərsizliklərin genişlənməsi, dezinformasiya və qlobal təhlükəsizliyə təhdidlər daxil olmaqla əhəmiyyətli risklər yaradır.
Hesabat hazırkı süni intellekt idarəetməsində, xüsusən təmsilçilik, koordinasiya və hesabatlılıqda əsas boşluqları müəyyən edir. Milli və regional süni intellekt çərçivələrinin genişlənməsinə baxmayaraq, bir çox ölkələr, xüsusən də Qlobal Cənub idarəçilik müzakirələrindən kənarda qalıb. Süni intellektlə bağlı faydalar bir neçə ölkədə və güclü korporasiyalarda cəmləşdiyi üçün digər regionlar bu sahədə geridə qalır. Bundan əlavə, hesabat süni intellekt sistemlərində qərəzli yanaşmalar, AI tərəfindən yaradılan məzmun vasitəsilə dezinformasiyanın yayılması, güc və sərvətin bir neçə ölkədə cəmləşməsi ilə bərabərsizliyin daha da artması potensialı da daxil olmaqla, getdikcə çoxalan riskləri diqqətə çatdırır. Hesabat, həmçinin qlobal sülh və təhlükəsizliyə birbaşa problem yaradan süni intellektin avtonom silah sistemlərindəki rolu ilə bağlı narahatlıqları da ifadə edir.
Bu problemləri həll etmək üçün BMT-nin məsləhət orqanı əsas tövsiyələr verən süni intellekt idarəetməsinə qlobal səviyyədə əlaqələndirilmiş yanaşma tələb edir. Təşkilatın AI ofisi süni intellekt ekspertlərindən ibarət olacaq və onlara ən son tendensiyalar, risklər və tədqiqat boşluqları haqqında illik hesabat dərc etmək, rüblük yeniləmələr hazırlamaq, ortaya çıxan risklər, idarəetmə boşluqları haqqında məlumat vermək həvalə edilir.
Bununla yanaşı, AI idarəetməsi üzrə siyasi dialoqun başlanması da tövsiyə olunur. İnkişafı və insan hüquqlarını təşviq edən ən yaxşı təcrübələri bölüşmək, süni intellekt idarəetməsinin beynəlxalq qarşılıqlı fəaliyyətini artırmaq, AI üzrə beynəlxalq elmi panelin hesabatlarını nəzərdən keçirmək məqsədi ilə ildə iki dəfə hökumətlərarası və çoxtərəfli siyasət dialoqunun keçirilməsi nəzərdə tutulur.
BMT-nin yeni orqanı, həmçinin AI standartları reyestrini hazırlamaq və saxlamaq, mövcud prosesləri qiymətləndirmək və boşluqları müəyyən etmək üçün təşkilatların, texnoloji şirkətlərin, vətəndaş cəmiyyətinin və beynəlxalq elmi panelin nümayəndələrini bir araya gətirən AI standartları mübadiləsi sisteminin yaradılmasını zəruri hesab edir. Eyni zamanda, bu sahədə qlobal fondun yaradılması, fəaliyyətləri tənzimləmək üçün Katiblik ofisinin təsis olunması da planlaşdırılır.