AZƏRBAYCAN XƏBƏRLƏRİ

Milli Məclisin ilk iclası keçirilir, İlham Əliyev iclasda iştirak edir

Qeyd edək ki, Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Qeyd edək ki, Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bunu Parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında deyib.
O qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer ayrılaraq namizədlərin ixtiyarına verilib:
"Deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər".
M.Pənahovun sözlərinə görə, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq media nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb:

"Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.