BAKI, 23 sentyabr — Sputnik. Azərbaycanda minik avtomobili istehsalı artır. Bu ilin yanvar-avqust aylarında ölkədə 2627 ədəd minik avtomobili istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 35,3% artıb. 1 sentyabr tarixinə anbarlarda qalan minik avtomobillərinin sayı iki dəfə azalaraq 226-ya düşüb. Statistikadan da görünür ki, anbarlarda qalan minik avtomobillərin satışında artım var.
İnfoqrafika: Azərbaycan və Özbəkistanın avtomobil istehsalı üzrə birgə müəssisəsi
© Sputnik / Elnur Salayev
Bəs, yerli minik avtomobillərin satışında artım nə ilə bağlıdır?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə avtomobillər istehsal edilmir, sadəcə yığılır: "Dünyada belə bir yanaşma var ki, ən az 25 faiz komponent ölkədə istehsal edilirsə, bunu avtomobil istehsalı saymaq olar. Azərbaycanda isə bu sahədə demək olar ki, heç bir komponent ölkədə istehsal edilmir. Bizdə avtomobillərin yığılması həyata keçirilir".
Natiq Cəfərli
© Sputnik / Murad Orujov
Ekspert bildirib ki, avtomobil almaq üçün sifarişlər daha çox dövlət qurumları tərəfindən verilir: "Avtomobillərin əsas alıcısı Dövlət Sosial Müdafiə Fondudur. Bundan başqa, son zamanlarda taksi xidməti ilə bağlı verilmiş qərarlar ölkədə yığılan avtomobillərə marağın artmasına səbəb olub. Çünki bu avtomobillər daha yumşaq kredit şərtləri ilə satışa çıxarılır. Köhnə avtomobillər taksi xidmətindən kənarlaşdırılıb və onların yerini isə ölkədə yığılan avtomobillər tutur. Ona görə də ölkədə yığılan avtomobillərin satılmasında artım müşahidə edilir".
"Ən azından avtomobillərin bəzi komponentlərini özümüz istehsal etməliyik"
Yerli istehsalın potensialına toxunan ekspert qeyd edib ki, ən azından avtomobillərin bəzi komponentlərini özümüz istehsal etməliyik: "Çünki istənilən avtomobilin detallarında əsasən neftdən hazırlanan məhsullar yer alır. Onları istehsal etmək çətin deyil. Məsələn, Türkiyədə böyük avtomobil şirkətləri fəaliyyətə başlayanda yerli detalların istehsalı çox az idi. İndi az qala avtomobil detallarının yarısı Türkiyədə istehsal olunur. Hətta Türkiyədə istehsal edilən avtomobil detallarının ixracı ayrıca gəlir mənbəyinə çevrilib".
"Khazar" avtomobil zavodu
Qeyd edək ki, hazırda ölkəmizdə minik avtomobillərinin yeganə istehsalçısı Neftçala avtomobil zavodudur. Neftçala Sənaye Məhəlləsində 10 hektar ərazidə tikilmiş "Khazar" avtomobil zavodunda müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207" və digər avtomobil modelləri istehsal olunur. Ümumi dəyəri 15 milyon dollar olan zavodun illik istehsal gücü 10 min avtomobildir. "Khazar" avtomobil zavodunda istehsal edilən avtomobillər "Avro-5" və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Bu avtomobillər yerli bazarda satılmaqla yanaşı, "Made in Azerbaijan" brendi altında xarici bazarlara da çıxarılır.
Gələn il ölkədə yeni avtomobil zavodu istifadəyə veriləcək
Azərbaycan-Özbəkistan birgə müəssisəsi "Azərmaş CP" MMC tərəfindən Hacıqabul Sənaye Məhəlləsinin ərazisində yaradılan minik avtomobillərinin istehsalı kompleksinin 2025-ci ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur. Bunu Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının icraçı direktoru Gulay Həsənova deyib. Onun sözlərinə görə, investisiya həcmi 104 milyon manat olan kompleks İqtisadi Zonaların İnkişafı Agentliyi, "Uzavtosanoat" SC və "Azərmaş CP" MMC arasında imzalanmış Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında əməkdaşlıq memorandumuna əsasən yaradılır. Burada ilk növbədə "Cobalt", "Onix", "Tracker" modellərinə üstünlük veriləcək. Zavodun illik istehsal gücünün 30000 ədəd avtomobil olması nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan avtomobil idxalını azaldıb. Bu ilin yanvar-avqust aylarında minik avtomobillərinin ölkəyə idxalı 13% azalaraq 53006 ədəd təşkil edib.