AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Prezidenti: Hər an Ermənistandan istənilən təxribat gözləmək olar

Dövlətimizin başçısı bildirib ki, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir.
Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.
Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır - deyən dövlətimizin başçısı bildirib ki, təbii, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı onlar üçün, sadəcə, bir alət, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər Ermənistanın qonşuları üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər.
O bildirib ki, bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir.
“Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir”, - dövlət başçısı vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.