Xəzər dənizi daha çirklənmir - İdarə rəisi
Ceyhun Muradov deyib ki, son illər Xəzər dənizində çirklənmə müşahidə olunmur, zoobentosların inkişafı mövsümə uyğun davam edir.
SputnikBAKI, 21 sentyabr — Sputnik. Xəzər dənizində aparılan son monitorinqlərin nəticələrinə əsasən, dənizin suyunun kimyəvi tərkibində müsbət tendensiya müşahidə olunur.
Bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, son illər Xəzər dənizində çirklənmə müşahidə olunmur, zoobentosların inkişafı mövsümə uyğun davam edir:
"Çimərlik ərazilərdə qurulan modul tipli qurğular əsasən platformalarda, üzən vasitələrdə son texnologiyaların tətbiqi müsbət tendensiyalarla nəticələnir və dənizin suyunda təmizlənmə müşahidə olunur".
Xəzər sahildən 500 metrədək uzaqlaşıb - SOS
"Rusiyanın Xəzərin dayazlaşması ilə bağlı araşdırmalara başlaması müsbət haldır. Xəzərin dayazlaşmasının qarşısını almaq mümkün olmasa da, bunun nəticələrinə qarşı tədbirlər görülməlidir. Beş Xəzəryanı dövlət (Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya) monitorinq sistemi yaradıb nəticələrinə dair araşdırmalar aparmaqla bundan əmələ gələn ekoloji problemlərin qarşısını ala bilər".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev söyləyib.
Qeyd edək ki, Xəzərin dayazlaşması artıq xəzəryanı dövlətlərin ciddi narahatlığına səbəb olub. Rusiya prezidenti Vladimir Putin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşündə Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün elmi təhlillərin aparılmasına göstəriş verib. TASS-ın xəbərinə görə, Rusiya Elmlər Akademiyasının Cənub Elmi Mərkəzinin aparıcı elmi işçisi, biologiya elmləri namizədi Vladimir Uşivtsev bildirib ki, alimlər Xəzər dənizinin dayazlaşmasını siklonların istiqamətinin dəyişməsi ilə əlaqədar Volqa hövzəsində orta illik yağıntının azalması ilə əlaqələndirirlər.
"Səbəb ilk növbədə iqlim dəyişikliyidir. Təxminən 20 il əvvəl Rusiyanın mərkəzi hissəsindən keçən və yağıntılarını Volqa su hövzəsinə tökən Atlantik okeanından daim siklonlar gəlirdi. Bu sular Xəzər dənizinə tökülürdü və dənizin öz buxarlanma balansı, su axını var idi. Hazırda bu siklonlar daha da şimala doğru hərəkət edir və yağıntıları Moskva, Sankt-Peterburq ərazilərinə tökür və Şimal Buzlu Okeanına qarışır. Hazırda isə Volqada su qıtlığı yaranıb, o, çox dayazlaşıb və müvafiq olaraq Xəzər dənizi də dayazlaşıb", - deyə Uşivtsev bildirib.
Alimin sözlərinə görə, başqa bir siklon dövrü, müasir iqlim şəraitində Cənub siklonu da Volqadan yan keçərək yağıntıları Don və Dnepr su hövzələrinə tökür.
Ə. Əliyev də deyir ki, Xəzərin səviyyəsinin dəyişməsi təbii prosesdir. Bununla belə, professor bildirir ki, bu prosesin qarşısını heç bir Xəzrəyanı dövlət ala bilməz!
"Xəzərin dayazlaşmasına səbəb regional iqlimdə baş verən dəyişmələrdir ki, bu da Xəzərin su balansının dəyişməsinə səbəb olur. Xəzərə tökülən sularla, Xəzərdən gedən suların arasında fərqi dəyişir. Xəzərə tökülən sular xüsusilə şimali Atlantika üzərindən gələn siklonlardır. Bu siklonlar Xəzərin su toplama hövzəsində təxminən 3,5 kilometrdir ki, bu da Xəzərin öz hövzəsindən təxminən 10 dəfə böyükdür. Yəni, Xəzərin su toplanma ərazisi olan hövzəsi, dənizin öz sahəsindən təxminən 10 dəfə böyük olub 3,5 milyon kvadrat kilometr sahəni əhatə edir. Xəzər dənizinə daxil olan sular əsasən çay sularıdır. Onların içərisində 85 faizi Volqa çayının suyudur. Sikonlkarın sayının azalması nəticəsində Volqanın gətirdiyi suda 30 faiz azalma var", - deyə Əmir Əliyev bildirib.
Professor deyir ki, sonuncu dəfə Xəzərin səviyyəsi 1805-ci ildə qalxıb. Həmin vaxt Xəzərin səviyyəsi bu günki səviyyədən 5 metr yuxarı olub. O vaxtdan Xəzərin səviyyəsinin enmə tendensiyası müşahidə olunur. Bu prosesin isə təxminən 2050-ci ilədək davam etməsi gözlənilir:
"Xəzər iki yüz il ərzində qalxır, o qədər müddət ərzində də aşağı enir. İndi Xəzərin aşağı düşmə dövrüdür. 1977-ci ildə Xəzərin səviyyəsi indikindən 30-40 sm aşağı olub. Bu prosesə qarşı heç nə etmək mümkün deyil. Ona görə də, bunun nəticələrinə qarşı tədbirlər görülməlidir. Beş Xəzəryanı dövlət monitorinq sistemi yaradıb nəticələrinə dair araşdırmalar aparmaqla bundan əmələ gələn ekoloji problemlərin qarşısını ala bilər. Baş verən atmosfer prosesləri - siklon və antisiklonlar, böyük miqyaslı proseslər isə bu əraziyə yağıntılar gətirir . Ona görə də bu prosesləri idarə etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, son illər yağıntıların miqyası xeyli azalıb".
Ə.Əliyev deyir ki, Xəzərin səviyyəsinin enməsinin fəsadları artıq müşahidə olunmaqdadır.
"Xəzərin Azərbaycan hissəsində elə yer var ki, dəniz 100-200-500 metr geri çəkilib. Bu əsasən balıqçılıq sahəsinə, gəmiçiliyə mənfi təsir edir. Bu kənd təsərrüfatına da xeyli təsir edərək ekoloji problemlər yaradıb. Prosesin qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsinə ehtiyac var. Ona görə də Xəzəryanı dövlətlərlə birgə monitorinq sistemi yaradıb müşahidələr aparılmalı, bu proseslər izlənilməlidir. Buna uyğun nəticələr üzrə təkliflər verilməlidir. Çünki, bu prosesin qarşısına almaq mümkün deyil. Xəzərlə bir növ həmrəy yaşamaq lazımdır",-deyə Əmir Əliyev söyləyib.
Ə.Əliyev Xəzərin quruyan hissələrindən səmərəli istifadə edilməli olduğunu söyləyir. Bildirir ki, Xəzərin quruyan hissələrindən balıqçılıq təsərrüfatı üçün istifadə edilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.