AZƏRBAYCAN XƏBƏRLƏRİ

Konstitusiya Məhkəməsi seçkilərlə bağlı cinayət işinin başlanması tələblərini rədd edib

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
Sputnik
BAKI, 21 sentyabr - Sputnik. Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bunu Parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında deyib.
O qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer ayrılaraq namizədlərin ixtiyarına verilib:
"Deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər".
M. Pənahovun sözlərinə görə, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq media nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.
"Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar".
***
Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxılıb.
Bunu parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov deyib.
Qeyd edib ki, MSK seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.
İclasda çıxış edən məruzəçi Kamran Şəfiyev seçkilərlə bağlı ölkə üzrə fəaliyyət göstərən Apelyasiya məhkəmələrində baxılan işləri diqqətə çatdırıb. O qeyd edib ki, Şəki, Şirvan, Sumqayıt, Gəncə və Naxçıvan Ali Məhkəmələrinə daxil olan müvafiq ərizələr araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Məruzəçi hakim onu da əlavə edib ki, Baş prokurorluğun məlumatına görə, seçkilərlə əlaqədar 6 müraciət üzrə cinayət işinin başlanmasına rədd qərarı verilib. Digər müraciətlər isə aidiyyəti üzrə MSK-ya yönləndirilib.
***
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.