RUSİYA

Rusiya diplomatları Livandan çıxarılır? Ryabkovdan AÇIQLAMA

Rusiya Xİn rəsmisi deyib ki, ölkəyə səfər etməmək, bu və ya digər şəxsi heyətin təxliyəsi ilə bağlı qərarlar qəbul ediləndə bu, həmişə açıq şəkildə və vaxtında həyata keçirilir.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Moskva Livandakı vəziyyəti diqqətlə öyrənir, lakin Rusiya diplomatik işçilərinin ölkədən çıxarılmasından söhbət getmir. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Bizim strukturlarımız xarici agentliklərimizin yerləşdiyi bütün ölkələrdə vəziyyətlə bağlı riskləri daim qiymətləndirirlər. Təbii ki, son günlər Livanda baş verən misli görünməmiş hadisələr çox diqqətlə öyrənilir və təhlil edilir", - Ryabkov bildirib.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov
"Ölkəyə səfər etməmək, bu və ya digər şəxsi heyətin təxliyəsi ilə bağlı qərarlar qəbul ediləndə bu, həmişə açıq şəkildə və vaxtında həyata keçirilir. Hazırda anladığım qədər belə xəbərdarlıqlar yoxdur. Biz baş verənləri diqqətlə izləməyə davam edirik", - o, jurnalistlərə bildirib.
Sentyabrın 17-də və 18-də Livanın müxtəlif ərazilərində rabitə vasitələri, o cümlədən peycerlər partladılıb. Rəsmi məlumatlara görə, 32 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb. Minlərlə cihazın eyni vaxtda partlamasına nəyin səbəb olduğu hələlik məlum deyil.
Hizbullah və Livan səlahiyyətliləri hadisədə İsraili günahlandırıb. İsrail hakimiyyəti hələ ki, hadisələrdə iştirakını nə təsdiq, nə də təkzib edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Livanda baş verənləri dəhşətli terror aktı və böyük münaqişənin qızışdırılması cəhdi adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.