Qarabağın dirçəlişi və reinteqrasiyası

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir - Prezident İlham Əliyev

Azərbaycan Prezidenti qeyd edib ki, növbəti üç ildə Xankəndidə açılışı olan Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə Azərbaycan hərbçilərinin qəhrəmanlığından, peşəkarlığından danışıb.
Dövlət başçısı dünya hərb tarixində 44 günlük müharibədə şanlı Ordunun həyata keçirdiyi əməliyyatların oxşarının olmadığını bildirib.

"44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir?! Bu, həqiqətdir. Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz. Nə 7, 6, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, çünki bütün təpələrdə onlar yerləşmişdi, - nə böyük dövlətlər, nə Ermənistanı silahlandıran, onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Heç kim", - Prezident qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, bax, bütün bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz.
Prezident Qarabağ Universitetinin yaradılmasını tarixi hadisə hesab etdiyini deyib.
Universitet üçün gözəl yataqxana yaradıldığını, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcəyini söyləyən dövlətimizin başçısı Qarabağ Universitetinin ölkəmizin aparıcı ali məktəblərindən birinə çevriləcəyinə ümid etdiyini bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki, növbəti üç ildə Xankəndidə açılışı olan Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək.
Qeyd edək ki, Qarabağ Universitetində 1200-ə yaxın tələbə təhsil alacaq və sentyabrın 23-də yeni tədris ili başlayacaq.

"Bura (Xankəndi) bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub, onun adı onu göstərir - Xanın kəndi. XIX əsrin əvvəlində bağlanmış "Kürəkçay", "Gülüstan" və "Türkmənçay" müqavilələrinin faktiki olaraq sonrakı işğalı da şərtləndirdiyini xatırladan dövlət başçısı qeyd edib: "Çünki heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər bu müqavilələrdən sonra İrandan və Şərqi Anadoludan kütləvi surətdə buraya köçürülməyə başlanıldı. Bu həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olublar", - Prezident qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.