RUSİYA

Putin Qərb ölkələrindən idxala qoyulan embarqonu 2025-2026-cı ilə qədər uzadıb

Ticarət embarqosu 2014-cü ildə Qərbin sanksiyalarına cavab olaraq tətbiq edilib.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. Rusiya lideri Vladimir Putin 2014-cü ildə Qərb ölkələrindən kənd təsərrüfatı məhsullarına tətbiq edilən embarqonun 2025-2026-cı ilə qədər uzadılması haqqında fərman imzalayıb.
Müvafiq sənəd hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib.
"Rusiya Federasiyası Prezidentinin 6 avqust 2014-cü il tarixli 560 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş bəzi xüsusi iqtisadi tədbirlərin qüvvəsi 2025-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək uzadılsın...", - sənədin mətnindən belə deyilir.
Prezident Rusiya Nazirlər Kabinetinə fərmanın icrasını təmin etməyi və zəruri hallarda tətbiq edilən iqtisadi tədbirlərin qüvvədə olma müddətinin dəyişdirilməsini təklif etməyi tapşırıb.
Əlavə edək ki, ticarət embarqosu 2014-cü ildə Qərbin sanksiyalarına cavab olaraq tətbiq edilib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin 2014-cü ildə ərzaq embarqosunun tətbiqinin riskli addım olduğu fikrini bildirmişdi.
Bundan əlavə, ekspert Aleksey Zudin əvvəllər qeyd etdi ki, ərzaq embarqosu Rusiya şirkətləri üçün boş yerləri tutmaq üçün güclü stimul olub. Eyni zamanda, bu illər ərzində əhalinin ərzaq məhsulları ilə təminatında heç bir fasilə yaranmayıb.