İQTİSADİYYAT

Çin şirkətləri tərəfindən Azərbaycana investisiya yatırılması müzakirə olunub - FOTO

Özəl sektorda fəaliyyət göstərən Çin şirkətləri tərəfindən Azərbaycana investisiya yatırılması, birgə layihələrin icrası, Ümumçin Sənaye və Kommersiya Federasiyasının bu istiqamətdə təşəbbüsləri dəstəkləməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumçin Sənaye və Kommersiya Federasiyasının (ACFIC) icraçı sədr müavini Şen Yinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən bildirilib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astana Zirvə görüşü çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbulu iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub, ticarət, investisiya və özəl sektorun əməkdaşlığı üçün yeni imkanlar açıb.
Çin şirkətləri tərəfindən Azərbaycana investisiya yatırılması müzakirə olunub
Qonaqlara Azərbaycanda investorlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib. Bildirilib ki, Çin şirkətləri ilə investisiya, sənaye, enerji, kənd təsərrüfatı və digər sahələrdə uğurlu əməkdaşlıq edilir, ticarət dövriyyəsi artır. Azərbaycanın Çindəki Ticarət nümayəndəliyinin fəaliyyəti nəticəsində bir sıra Azərbaycan məhsulları Çin bazarında tanınır.
Bununla belə, Azərbaycan şirkətlərinin Çində keçirilən sərgi və forumlarda daha fəal iştirakı üçün səylərin artırılması, həmçinin Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatına olan marağı nəzərə alınaraq, hər iki ölkənin aidiyyəti qurumlarının bu istiqamətdə aktiv əməkdaşlıq etməsi vacibdir.
Vurğulanıb ki, Çin şirkətləri Azərbaycanın sənaye zonalarında, o cümlədən Ələt Azad İqtisadi Zonasında, həmçinin işğaldan azad edilmiş ərazilərdə infrastruktur, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərə bilərlər.
Çin şirkətləri tərəfindən Azərbaycana investisiya yatırılması müzakirə olunub
Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, işgüzar dairələrin tərəfdaşlığı genişləndirməsi, o cümlədən turizm, İT, innovasiya, fintex və s. sahələrdə əməkdaşlıq perspektivləri vurğulanıb. Özəl sektorda fəaliyyət göstərən Çin şirkətləri tərəfindən Azərbaycana investisiya yatırılması, birgə layihələrin icrası, Ümumçin Sənaye və Kommersiya Federasiyasının bu istiqamətdə təşəbbüsləri dəstəkləməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz çoxdur.
Ticarət dövriyyəsində Çindən idxal əsas yer tutur. Hesabat dövründə Azərbaycanın ümumi idxalının 18,1 faizi Çinin payına düşüb. Beləliklə, bu ilin 5 ayında Azərbaycanın mal aldığı ölkələr içərisində Çin ilk yeri tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.