İQTİSADİYYAT

Azərbaycanın Aİİ-yə daxil olması məsələsi zaman keçdikcə aktuallaşacaq - ekspert

Rusiya Federasiyası ilə Azərbaycan arasında qarşılıqlı hesablaşmalarda milli valyutalara keçid qarşılıqlı əlaqəni daha təhlükəsiz etmək və üçüncü ölkələrin ticarətə təsir faktorunu aradan qaldırmaq üçün bir fürsətdir.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq məsələsi ortamüddətli perspektivdə Azərbaycan üçün daha aktual olacaq.
Bunu Rusiya Elmlər Akademiyası E.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin Mərkəzi Asiya sektorunun rəhbəri Stanislav Pritçin deyib.

"Azərbaycan iqtisadiyyatında neft və qazın payı tədricən azalacaq və hökumət həm iqtisadiyyatın, həm də müvafiq olaraq ixracın şaxələndirilməsi zərurəti ilə üzləşəcək. Beləliklə də, Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq məsələsi ortamüddətli perspektivdə Azərbaycan üçün daha aktual olacaq", – Pritçin Rusiya Beynəlxalq İşlər Şurasının "Rusiya və Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq Cənubi Qafqazda sabitlik amili kimi" tədbiri çərçivəsində deyib.

Stanislav Pritçin
Ekspertin sözlərinə görə, Azərbaycanın ixracı əsasən neft və qaza yönəlib. Yəni ölkə dünya bazarını əsasən aşağı qiymətli məhsullar və enerji resursları ilə təmin edir və bu mallar heç bir qapalı bazara çıxış tələb etmir.
Pritçin hesab edir ki, Azərbaycanın hazırda qeyri-neft malları üçün yeni bazarlar axtarmaqdan ötrü heç bir iqtisadi əsası yoxdur.
"Hazırda Rusiya-Azərbaycan münasibətləri yüksəldiyinə görə bugünkü müzakirənin mövzusu Cənubi Qafqazdakı geosiyasi vəziyyət, Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsi perspektivləri, optimal formatların axtarışı idi. Bu baxımdan görüş, mənə elə gəlir ki, mümkün qədər məhsuldar keçib, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətin bütün aspektləri, geosiyasi vəziyyət müzakirə edilib", – ekspert qeyd edib.
Pritçin hesab edir ki, Moskva ilə Bakı arasında qarşılıqlı hesablaşmalarda milli valyutalara keçid, ilk növbədə, qarşılıqlı əlaqəni daha təhlükəsiz etmək və üçüncü ölkələrin ticarətə təsirini aradan qaldırmaq imkanıdır.
"Biz dollarla ticarət edəndə təbii olaraq həssas idik, çünki hər an ticarətimiz ABŞ və onun müttəfiqləri tərəfindən bloklana bilərdi. Hazırda bu baxımdan hər şey qaydasındadır. Biz yalnız valyutalarımızın likvidliyindən asılıyıq və üçüncü ölkələrdən heç biri buna təsir edə bilməz", - ekspert qeyd edib.
O, həmçinin əlavə edib ki, Azərbaycan və Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işə salınması üçün lazımi işlər görüblər. Pritçin həmçinin bildirib ki, söz demək növbəsi İranındır.

"Hətta Şimal-Cənub marşrutu işə salınmazdan əvvəl biz Azərbaycanda mövcud olan bütün infrastrukturdan, o cümlədən Bakı-Tbilisi-Qars marşrutundan istifadə edirik. Əgər Zəngəzur dəhlizi olarsa, o da Rusiya malgöndərənləri tərəfindən istifadə ediləcək. Bu mənada kifayət qədər böyük işlər görürük. Hazırda bir sıra investisiya layihələri üzərində işləyirik. Ümumiyyətlə, ticarət dövriyyəmiz və qarşılıqlı sərmayələrimiz sistemli şəkildə artır - bu, bizim uzunmüddətli əməkdaşlığımızın əsasını təşkil edir", - ekspert vurğulayıb.

Rusiya Federasiyası ilə Azərbaycan arasında qeyri-resurs ticarət dövriyyəsi əsas aspektdir
Patris Lumumba ad. Rusiya Xalqlar Dostluğu Universitetinin beynəlxalq iqtisadi əlaqələr kafedrasının dosenti Anna Pak hesab edir ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında qeyri-resurs və qeyri-enerji ticarət dövriyyəsinin artırılması iki ölkə arasında qarşılıqlı iqtisadi fəaliyyətin keyfiyyət xüsusiyyətlərinin əsas aspektidir.
"Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdəki bu impuls, yəqin ki, Rusiya ilə Cənubi Qafqaz regionu arasında əlaqələrin inkişafı gündəmini aktiv şəkildə izləyən hər kəsə görünür. Həm Rusiya, həm də Azərbaycan üçün prioritet olan qeyri-xammal və qeyri-enerji ixracı baxımından əmtəə dövriyyəsinin artması uzun müddət məhz neft-qaz kompleksinin iqtisadiyyatlarımızın inkişafının əsası olması səbəbindən iki ölkə arasında qarşılıqlı münasibətlərə yeni kontekst verir", - Pak qeyd edib.
Anna Pak
Onun sözlərinə görə, bu kontekstdə qeyri-resurs və qeyri-enerji ticarət dövriyyəsinin artırılması iki ölkə arasında iqtisadi qarşılıqlı əlaqənin keyfiyyət xüsusiyyətlərinin əsas aspektidir.
Ekspert qeyd edib ki, tədbir iştirakçılarını da maraqlandıran ikinci mühüm cəhət qarşılıqlı investisiyalardır.
A.Pakın sözlərinə görə, burada Azərbaycan və Rusiya arasında münasibətlərin müsbət aspektini qeyd etmək lazımdır ki, təkcə neft–qaz kompleksi və təkcə sistem yaradan müəssisələr - AR Dövlət Neft Şirkəti (SOCAR) və ya Rusiyanın "Qazprom" və ya "Lukoyl" şirkətləri deyil, həm də avtomobil şirkətləri, kimya sənayesi, əczaçılıq şirkətləri bir-birinin bazarlarına gəlir və qarşılıqlı fəaliyyət göstərirlər.
Pakın qeyd etdiyi üçüncü aspekt Azərbaycan və Avrasiya İqtisadi İttifaqı arasında qarşılıqlı əlaqə və mövcud ola biləcək qarşılıqlı fəaliyyət formatlarıdır.

"Burada mən Azərbaycanın Avrasiya İqtisadi İttifaqında iştirakının mümkünlüyünü vacib hesab edirəm, çünki bu vektor - Cənuba dönüş - onu göstərir ki, Azərbaycanla ümumi gömrük ərazisinin formalaşması, ümumi mal bazarı və bu bazarın genişləndirilməsi, əlbəttə ki, dövlətlərimizin iqtisadi inkişafı üçün katalizator olacaq", - ekspert sözünü yekunlaşdırıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.