Qarabağın dirçəlişi və reinteqrasiyası

Ağdamın Eyvazxanbəylisi belə olacaq-Fotolar

Kənddə 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev rəsmi sosial şəbəkə hesablarında Ağdam rayonunda yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntülərini paylaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, sentyabrın 19-da Prezident İlham Əliyev və oğlu Heydər Əliyev tərəfindən təməli qoyulan kəndin Baş Plan layihəsi yerli mütəxəssislər tərəfindən hazırlanıb.
Ağdam rayonunda yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri
Sənədə əsasən, 300 hektara yaxın sahədə salınacaq Eyvazxanbəyli ərazi vahidinə görə bir-birinə yaxın olan Şişpapaqlar, Kosalar və Eyvazxanbəyli kəndləri ilə birlikdə layihələndirilib. Kənddə 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.
Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, birinci mərhələdə tikiləcək evlər üçün 88,3 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə salınacaq yaşayış məhəllələrinə 1563 nəfərin köçürülməsi məqsədilə iki, üç, dörd və beşotaqlı 427 fərdi evin inşası planlaşdırılır.
Ağdam rayonunda yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri
Kənddə həmçinin məktəb binası, uşaq bağçası, inzibati bina, Bayraq meydanı, tibb məntəqəsi, digər xidməti obyektlərin tikintisi və istirahət parkının salınması planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə digər zəruri tədbirlər də görüləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.