BAKI, 18 sentyabr — Sputnik. İran Prezidenti Məsud Pezeşkian ölkəsinin Rusiya Federasiyası ilə strateji tərəfdaşlığı haqqında saziş imzalamaq niyyətindədir.
Bu barədə "Tasnim" agentliyi İran İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əbülfəzl Zəhravəndə istinadən məlumat verib.
"İran və Rusiya strateji əməkdaşlıq yolu ilə irəliləyirlər və cənab Pezeşkianın Rusiyaya qarşıdakı səfəri zamanı biz strateji tərəfdaşlıq haqqında sazişinin imzalanacağını görəcəyik", - Zəhravənd bildirib.
Xatırladaq ki, İranın yeni seçilmiş Prezidenti Pezeşkian dəfələrlə bəyan edib ki, Rusiya ilə tərəfdaşlıq bir çox ölkələr və xüsusilə İran xalqı üçün dünya təhlükəsizliyinin təminatçısıdır, ABŞ isə əksinə, bu sahədə öz təsirini itirib.
Bu yaxınlarda İran prezidenti artıq Rusiya ilə münasibətləri mümkün qədər inkişaf etdirmək niyyətini dilə gətirib.