BAKI, 19 sentyabr — Sputnik. Tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, Azərbaycandan qaz almağa hazırıq. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O hesab edir ki, Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin Ermənistan ərazisindən keçməsi ssenarisi istisna edilmir.
Xatırladaq ki, 2021-ci ilin martında Azərbaycan Dövlət Neft Şirkəti və "Qazprom" şirkəti Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb. Müqaviləyə görə, Rusiya "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri apardığı üçün Azərbaycan Dövlət Neft Şirkəti 3 həftə ərzində Ermənistandakı istehlakçılara qaz tədarük edib. İşlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql edilib.
Bəs Azərbaycan qazına maraq göstərən Ermənistan Naxçıvana və Türkiyəyə qaz təchizatında etibarlı ölkə kimi çıxış edə bilərmi?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, erməni rəsmilərinin mövqeyində tez-tez dəyişiklik müşahidə edilir:
"Bəli, Azərbaycan qazı Ermənistan vasitəsilə tranzit oluna bilər. Amma məsələ şərtlərdədir. Kommersiya şərtləri və təhlükəsizliklə bağlı məsələlər həllini tapsa, bu proses reallaşa bilər. Digər tərəfdən bu məsələnin reallaşması üçün Azərbaycan dəhliz şərtini qabarda bilər. Təbii ki, Ermənistanın bu prosesdə nə qədər etibarlı tərəfdaş ola biləcəyi sual altındadır. O baxımdan hesab edirəm ki, rəsmi Bakı bütün amilləri nəzərə alaraq, öz maraqlarına uyğun qərar verəcək".
Eks nazir qeyd edib ki, erməni siyasətçilərin nə deməsindən və arzulamasından asılı olmayaraq Azərbaycanın təməl şərtləri nəzərə alınmalıdır:
"Sadəcə olaraq, onlar istəyirlər ki, bu məsələdə əlavə faydaya nail olsunlar. Ancaq bu o demək deyil ki, Azərbaycan buna getməlidir. Əslində artıq Ermənistan siyasi elitasının mövqelərində dəyişikliklər görünür. Onların Zəngəzur dəhlizinə yanaşması dəyişməkdədir. Ehtimal edirəm ki, bir gün onlar bizdən daha fəal şəkildə bu dəhlizin fəaliyyətini təşviq edəcəklər".
Millət vəkili Arzu Nağıyev vurğulayıb ki, Ermənistanın Azərbaycandan qaz almaq istəyi yeni deyil:
"Bu gün Ermənistan İrandan və Gürcüstan vasitəsilə Rusiyadan qaz alır. Hazırda Azərbaycan qazına olan maraq onların enerji təhlükəsizliyini diversifikasıyalaşdırmaq istəyindən irəli gəlir. Ancaq məsələ kəmərlərin təhlükəsizliyi və Ermənistanın etibarlı tərəfdaş olması ilə bağlıdır. Ermənistan Azərbaycanla sülh müqaviləsinin bütün müddəalarını icra edərsə, bizim kəmərlərin bir hissəsi Ermənistandan keçə bilər".
Nağıyev xatırladıb ki, Ukrayna ilə Rusiya arasında baş verənlər göstərdi ki, enerji məsələləri ilə bağlı işlər siyasi alət kimi istifadə olunanda problemlər yaranır. Ona görə də, kəmərlərin təhlükəsizliyinə və fəaliyyətinin fasiləsizliyinə tam şəkildə zəmanət verilməlidir. Bunun üçün beynəlxalq səviyyədə zəmanətlərin alınması zəruridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.