TƏHSİL

Alimdən nazirə sərt cavab: "Emin Əmrullayev elmi görmək üçün elmlə maraqlanmalıdır"

Dosent Zaur Əliyev bildirib ki, nazirin elmə, alimlərə yönəlik fikirləri ilə razı deyil.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanda elm sahəsində vəziyyət ürəkaçan deyil. Bunu bugünlərdə keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev də təsdiqləyib.
Nazir deyib ki, elə peşəkar alimlər var ki, cəmiyyət olaraq biz onların adlarını bilmirik:
"Azərbaycan elmi ciddi bir transformasiyadan keçib. Azərbaycan elminin göstəricisi, təbii ki, müasir dövrdə rəqəmlər ola bilər. Bu rəqəmlər kifayət qədər ürəkaçan deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. Biz bütün elmi məsələlər ilə eyni anda məşğul ola bilmərik. Bunu da müəyyən etmək üçün alimlərin fikri önəmlidir. Buna görə də bu forumun işi sözügedən mövzuda çox faydalı olacaq. Elə peşəkar alimlər var ki, cəmiyyət olaraq biz onların adlarını bilmirik".
Dosent Zaur Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazirin elmə, alimlərə yönəlik fikirləri ilə razı deyil və Emin Əmrullayev elmi görmək üçün elmlə maraqlanmalıdır:
"Ömürlərini bu yola sərf edib, elmi atmayan insanları tanımaq üçün hansı addımlar atılmalıdır? Alim özü-özünü tanıtmaq üçün nə etməlidir? Xüsusən ciddi alimlər mühüm əhəmiyyətə malik əsərlərini götürüb TV kanallara gedib onun reklam edilməsini xahiş etməlidir? Bəlkə bunun günahını alimdə yox, təhsildə humanitar elmlərə diqqət yetirməyənlərdə axtaraq? "
Alim qeyd edib ki, son illərdə Azərbaycanda humanitar və ictimai elmlərə verilən dərs yüklərinin saatları azalmaqla yanaşı, bu istiqamətdə olan bəzi sahələr hissə-hissə sıradan çıxarılır. Səbəb o göstərilir ki, dünya artıq nanotexnologiyaya, robototexnikadan genomikaya, süni intellektdən gen terapiyasına qədər mövzulara önəm verir. Dəqiq elmlər dünyanın texniki mənzərəsini dəyişir və yeni-yeni texnologiyalar inkişaf etdikcə, humanitar və ictimai elmlərə maraq azalır".
Həmsöhbətimiz deyir ki, alimləri günahlandırmaq asandır. Özünü maddi təminatı ağır olan alimlərin yerinə qoymaq lazımdır:
"Hazırda mən Azərbaycan Milli Elmlər Akademiyasında çalışıram. Düzdür, dünyanın bir çox mərkəzlərində nüfuzu olan alimlərin içərisində mən bir zərrəyəm. Amma bir neçə nüfuzlu jurnallarının redaksiya heyətinin üzvü, Netflix şirkətinin məqaləsindən istifadə etdiyi, İrəvan, Qarabağ, soyqırım mövzularında nüfuzlu A kateqoriyalı jurnallarda məqalələri dərc edilən, Avropa Mədəniyyət və Cəmiyyət Mərkəzi, Strasburq universitetinin Türk tədqiqatları şöbəsinin müsbət rəyini alan, 23 kitab və 200-dən çox məqaləsi, hazırda ölkə mediasında onlarla araşdırması dərc edilən Zaur Əliyevi görməmək nə deməkdir? Əgər Nazir elm okeanında balaca ləpəni görmürsə, nəhəng alimləri necə görə bilər? Üzümü nazirə tutub deyirəm, alimləri görməməyinizin günahı sizdədir. Siz nə zaman Azərbaycanın tanınan alimləri ilə üz-üzə görüş keçirdiniz? Onları dinlədiniz? Axı elm və təhsildə islahatların paralel və əlaqəli şəkildə aparılması daha müsbət nəticə verər. İttiham etmək asandır, gəlib görüb tanış olmaq lazımdır".
Z.Əliyev deyir ki, Azərbaycanda çalışan alimləri xaricdə olan alimlərlə müqayisə etmək düzgün deyil. Çünki, xaricdə elə elmi mərkəzlər, ali məktəblər var ki, büdcəsi Azərbaycanın dövlət büdcəsindən böyükdür:
"Emin Əmrullayevin biz alimlərin aldıqları əmək haqqından xəbəri var? Azərbaycanda elmlər doktoru, professorun əmək haqqı, Elm və təhsil nazirinin müşavirin əmək haqqından da azdır. Belə əmək haqqı ilə biz alimlər hələ elmi atıb getməmişiksə, bizə minnətdar olmalısınız".
Z.Əliyev onu da bildirib ki, respublikada 130-dan çox elmi müəssisə, AMEA-da isə cəmi 11 elmi tədqiqat institutu var. Məqsəd elmin inkişafıdırsa, Nazirliyin tabeçiliyində olan müəssisələr də buyurub elmi naliyyətlərini ortaya qoymalıdırlar.
"Ayda 300-600 manat arası maaş alan, heç bir sosial dəstəyi olmayan alimlər kitablar yazır, tədqiqatlar ortaya qoyur, xaricdə nüfuzlu jurnallarda məqalələr dərc etdirir. Onsuz da Azərbaycanda ən aşağı təbəqə, ən son yerdə duran şəxslər alimlərdir. Ölkədə bir çox sahələr var ki, maaşları az olsa da öz sahələri üzrə gəlir əldə edə bilirlər. Məsələn, orta məktəb müəllimləri az maaş almasına baxmayaraq, repetitorluq edib pul qazana bilirlər, həkimlər özəl xəstəxanada işləyib pul qazanırlar. Fəhlələr də günə ən azı 20 manat qazana bilirlər. Aylıq hesablasaq, 250-500 manat maaş alan alimlər aşağı təbəqə sayılır. Humanitar və ictimai elmlər sahəsində çalışan alimlərin isə heç yerdən gəlir əldə etmək imkanı yoxdur" - müsahibimiz əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.