BAKI, 19 sentyabr — Sputnik. Türkiyə BRİKS-ə alternativ iqtisadi platforma kimi baxır. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin Anadolu dövlət agentliyinə müsahibəsində deyib.
Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bundan əvvəl Türkiyənin BRİKS-ə tam üzv olmaq üçün müraciət etdiyini, ona baxılacağını bildirmişdi. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinə dəvəti qəbul edib.
"Biz BRİKS-ə alternativ iqtisadi platforma kimi baxırıq. Aİ ilə iqtisadi inteqrasiyamız uğurlu olsaydı, bəlkə də bir çox məsələlərdə bu qədər gərgin axtarışda olmazdıq", - Fidan bildirib.
BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbir təşkil edir.