BAKI, 18 sentyabr — Sputnik. Ölkədə qızılca ilə bağlı son vəziyyət açıqlanıb. Sputnik Azərbaycan-ın sorğusuna Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) verilən məlumata görə, tədris ilinin başlanması ilə əlaqədar olaraq ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi-profilaktik tədbirlərin aparılması davam etdirilir.
Qurumdan bildirilib ki, təhsil müəssisələrindən otaqların havalandırılması və profilaktik dezinfeksiya tədbirlərinin aparılması həyata keçirilir.
"Ölkədə hazırda qızılca infeksiyasına yoluxma tək-tək hallarda rast gəlinir. Qızılca əleyhinə vaksin preparatları kifayət qədərdir. Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə profilaktik peyvəndlər təqviminə əsasən 12 aylıqda və 6 yaşda olan uşaqlar qızılca əleyhinə peyvəndə cəlb olunurlar.
Vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 10 yaşa qədər uşaqların QPM peyvəndi və 11-40 yaşlı əhalinin isə QM peyvəndi ilə vaksinasiyası davam etdirilir", sorğumuza cavabda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.