SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır - Hikmət Hacıyev

Prezidentin köməkçisi bildirib ki, işğal dövründə Ermənistan Azərbaycan ərazilərində kütləvi dağıntılar törədib, o cümlədən özəl və dövlət mülkiyyətlərini kütləvi şəkildə dağıdıb, saxtalaşdırıb
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, işğal dövründə Ermənistan Azərbaycan ərazilərində kütləvi dağıntılar törədib, o cümlədən özəl və dövlət mülkiyyətlərini kütləvi şəkildə dağıdıb, saxtalaşdırıb: "İndi Azərbaycan hökuməti bərpa-quruculuq və yenidənqurma işlərinə, həmçinin ərazilərin minalardan təmizlənməsinə vəsait ayırır. Dağıntılar törədən Ermənistandır, dağıntılarla üzləşən isə Azərbaycandır. Amma vəsait Ermənistana ayırılır. Bu, paradoksdur".
H.Hacıyevin sözlərinə görə, Azərbaycana və Ermənistana yanaşma eyni miqyasda deyil: "İşğal dövründə də heç kim Ermənistanı işğala son qoymağa çağırmırdı. Regionla bağlı belə ikili münasibətlər davam etməkdədir".
Marşal planı Qərbi Avropaya xarici yardım göstərmək üçün 1948-ci ildə qəbul edilmiş ABŞ təşəbbüsüdür. ABŞ İkinci Dünya müharibəsinin bitməsindən sonra Qərbi Avropa ölkələrinə iqtisadi bərpa proqramları çərçivəsində həmin dövr üçün 13,3 milyard dollar yardım edib. BU təşəbbüs Morgentau planını əvəz edərək 3 aprel 1948-ci ildən başlayaraq dörd il fəaliyyət göstərib.Lakin 1951-ci ildə Qarşılıqlı Təhlükəsizlik Aktı ilə əvəz olunub. ABŞ-nin məqsədləri müharibə zamanı dağılmış bölgələri bərpa etmək, ticarət maneələrini aradan qaldırmaq, sənayeni modernləşdirmək, Avropanın rifahını yaxşılaşdırmaq və kommunizmin yayılmasının qarşısını almaq olub. Marşal planı dövlətlərarası maneələrin azaldılmasını və Avropa qitəsinin iqtisadi inteqrasiyasını, eyni zamanda məhsuldarlığın artırılmasını və müasir biznes prosedurlarının qəbulunu təşviq edirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.