BAKI, 18 sentyabr — Sputnik. Avropa İttifaqı Gürcüstan hakimiyyətini bir gün əvvəl üçüncü və yekun oxunuşda qəbul edilmiş LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb (hərəkət Rusiya Federasiyasında qadağan edilib və ekstremist kimi tanınıb). Bu barədə Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib.
Gürcüstan parlamenti sentyabrın 18-də üçüncü və sonuncu oxunuşda LGBT təbliğatını qadağan edən qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 84 deputat səs verib. İclasda müxalifət partiyalarından olan deputatlar iştirak etməyiblər.
"Gürcüstan parlamenti "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanunu qəbul edib. Bu, əsas insan hüquqlarını pozacaq və ayrı-seçkiliyi artıracaq. Mən Gürcüstanı Aİ-yə üzvlük yolundan daha da uzaqlaşdıran bu qanunu ləğv etməyə çağırıram", Borrell yazıb.
Əvvəllər Avropa İttifaqı artıq Gürcüstan parlamentinin bu qanunun qəbulu prosesini pisləyərək, bunun Tbilisinin Brüssellə münasibətlərini daha da gərginləşdirəcəyi, həmçinin Aİ-yə üzvlük prosesinin inkişafını ləngidəcəyi barədə xəbərdarlıq etmişdi.
Qanun layihəsinin müəllifləri hakim "Gürcü arzusu" partiyasının üzvləridir. Qanun layihəsi LGBT* təbliğatına, eynicinsli nikahlara və cinsiyyətin dəyişdirilməsinə qadağa, o cümlədən eyni cinsdən olan cütlük və ya eyni cinsdən olan şəxs tərəfindən eynicinsli intim münasibətləri, qohumluq əlaqəsini, övladlığa götürmə və ya qəyyumluğu təşviq etmək məqsədi daşıyan görüş və kampaniyaların qadağan edilməsini ehtiva edir.
Qanun layihəsi prezident tərəfindən imzalandıqdan və ölkənin Qanunvericilik qəzetinin saytında dərc edildikdən dərhal sonra qüvvəyə minəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.