İQTİSADİYYAT

Alkoqollu içki və tütün məmulatının tranzit daşınmasında gömrükdə depozit tələb olunacaq

Deputat bildirib ki, bu qaydaların tətbiqində əsas məqsəd büdcədən yayınmanın qarşısını almaqdır. Burada tranzit şirkətlərindən hər hansı bir əlavə ödənişin tələb olunması nəzərdə tutulmur.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Oktyabrın 1-dən Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı depozitin tətbiqinə başlanacaq. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2024-cü il 1 oktyabr tarixindən etibarən təminat üsulu olaraq depozitin tətbiqinə başlanacaq. Məqsəd alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı yarana biləcək gömrük borcunun ödənilməsinin təmin edilməsidir. Təminatın məbləği tranzit daşımasını həyata keçirən hər nəqliyyat vasitəsinə münasibətdə minimum 200000 ABŞ dolları ekvivalentində müəyyən edilib.

"Gömrük bəyannaməsi təsdiq edildiyi gün vəsaitin Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq manat ifadəsində banka depozit şəklində qoyulmasına dair təsdiqedici sənəd gömrük orqanına təqdim olunmalıdır", - məlumatda bildirilib.

İqtisadçılar nə deyirlər?
Məsələni şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, bu qaydaların tətbiqində əsas məqsəd büdcədən yayınmaların qarşısını almaqdır:
"Praktiki olaraq bu, vəsait təminatının həyata keçirilməsi anlamına gəlir ki, həm tranzit daşımalara nəzarəti gücləndirmək mümkün olsun, həm də tranzit daşımalar zamanı büdcədən yayınmanın qarşısı alınsın. Əslində vəsait təminatı, büdcəyə daxiloması proqnozlaşdırılan vəsaitin büdcəyə alınmasındakı risklərin aradan qaldırılması anlamına gəlir. Belə qayda bir sıra ölkələrdə tətbiq edilir".
Vüqar Bayramov
Deputat bildirib ki, burada tranzit şirkətlərindən hər hansı bir əlavə ödənişin tələb olunması nəzərdə tutulmur:
"Tranzit şirkətləri ödənişini mövcud qaydalar əsasında və əvvəlki məbləğdə həyata keçirəcəklər. Sadəcə təminat olaraq, yəni ödənişlərdən yayınmamaq üçün bu addım atılıb. Bu, büdcə gəlirlərinə təsir göstərə bilər. Çünki vergidən yayınmanın qarşısının alınması büdcəyə daha çox vəsaitin daxilolmasına imkan yaradır. Vergidən yayınmanın qarşısının alınması nəticəsində büdcəyə daha çox vəsaitin daxilolması mümkün ola bilər".

"Burada məqsəd daha çox vergidən yayınmanın qarşısını almaq, ümumiyyətlə, proseduraların tənzimlənməsi və bu sahəyə nəzarətin gücləndirilməsindən ibarətdir", - deputat əlavə edib.

Ekpsert: "Bu qayda Azərbaycan mallarına aid deyil"
İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, dünyada belə təcrübələr geniş yayılıb:
"Burada söhbət tranzit mallara görə depozit tətbiqindən gedir. Bu qayda Azərbaycan mallarına aid deyil. Ümumiyyətlə, tranzit şirkətlər tranzit malların keçidinə görə ölkələrə pul ödəyirlər. Tranzit malların sürətlə keçidini təmin etmək və hesablaşmaların asanlığı üçün tranzit şirkətləri əvvəlcədən depozit hesablara məbləğ qoyacaqlar. Dövlət üçün də bu, arxayınlıq yaradacaq".
İqtisadçı-ekspert Xalid Kərimli
Qeyd edək ki, Gömrük Məcəlləsinin 258-ci maddəsi "Gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları" adlanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.