"Rəqəmsallaşma Azərbaycanda iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilir, sadə vətəndaşlar və iş adamları üçün informasiya və xidmətləri əlçatan edir. Rəqəmsal inkişafımızı istiqamətləndirən strategiyamız 3 əsas vektor üzərində qurulub: rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes. Rəqəmsal hökumətin quruculuğu dövlət xidmətlərinin və daxili proseslərin tam rəqəmsallaşdırılmasını, xidmət və məlumatlara əlçatanlığı artırmaqla kağızsız hökumətə keçidin təmin edilməsini nəzərdə tutur. Bu istiqamətdə dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq və əhaliyə elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə "Digital Bridge" – Milli Məlumat Mübadiləsi sistemi təqdim olunur. Milli Məlumat Mübadiləsi sistemi keçiricilik qabiliyyətini 4 dəfə artırmaqla dövlət qurumları arasında məlumat sürətli mübadiləsini mümkün edir. Sistemə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilib. "Digital Bridge" üzərindən aparılan məlumat tranzaksiyasının sayı isə önəmli irəliləyiş əldə edərək 1 milyardı keçib", - deyə o qeyd edib.