CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı olub

Nazir müavini vurğulayıb ki, ölkəmizin rəqəmsallaşma prosesinin mərkəzində insan kapitalının gücləndirilməsi dayanır.
Sputnik
BAKI, 17 sentyabr — Sputnik. Bakıda yenilənmiş "mygov" rəqəmsal hökumət platformasının rəsmi təqdimatı keçirilib. Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov yenilənmiş "mygov" hökumət platformasını Azərbaycanın rəqəmsal inkişafında mühüm mərhələ kimi qeyd edib.

"Rəqəmsal inkişafımızı istiqamətləndirən strategiyamız 3 əsas vektor üzərində qurulub: rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes. Məqsədimiz bu strategiyadan yola çıxaraq rəqəmsallaşmanın miqyasını genişləndirməkdir", - S.Məmmədov bildirib.

Nazir müavini vurğulayıb ki, ölkəmizin rəqəmsallaşma prosesinin mərkəzində insan kapitalının gücləndirilməsi dayanır.
Bakıda yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı olub
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi "Technest Təqaüd" proqramı və Holberton Məktəbi kimi təşəbbüslər ixtisaslı işçi qüvvəsinin yaradılmasında mühüm rol oynayır. "Technest" vasitəsilə 8000-dən çox şəxsə İKT üzrə təqaüdlü təhsil verilib. Biz, həmçinin kibertəhlükəsizlik üzrə peşəkarların yeni nəslini yetişdirmək üçün İsrailin "Technion" Universiteti ilə əməkdaşlıq edərək, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaratdıq. Bu günə qədər 180 nəfər təlimləri bitirib, onların 72 faizi özəl və dövlət sektorunda işlə təmin olunub. Hazırda daha 60 tələbənin iştirak etdiyi dördüncü mərhələ üzrə təlimlər davam edir", - S.Məmmədov bildirib.
Agentlik sədri: “mygov” sadəcə bir platforma deyil, vətəndaşlar üçün dəstək və qayğının rəmzidir
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva bildirib ki, iki il öncə bu yola çıxarkən hədəfimiz vətəndaş mərkəzli və istifadəçi dostu olan platforma yaratmaq, davamlı və etibarlı yanaşma təqdim etmək idi:

"Bu gün isə vətəndaşlarımızın həyatını sadələşdirən, xidmət və məlumatları əlçatan edən çevik, səmərəli rəqəmsal hökumət təqdim edirik. “mygov” tətbiqində 40-dan çox məlumatın “məlumatlarım” bölməsində yerləşdirildiyini qeyd edən İnarə Vəliyeva bildirib ki, uzunmüddətli texnoloji həllər qurmaqla yanaşı, beynəlxalq təcrübə yerli şəraitə uyğunlaşdırılır. “mygov” sadəcə bir platforma deyil, vətəndaşlar üçün dəstək və qayğının rəmzidir".

Təqdimatda “mygov” platformasının təqdim etdiyi yeni xidmətlər və üstünlüklər haqqında məlumat verilib. Bildirilib ki, yenilənmiş versiyada ailə qurmaq, valideyn olmaq və yaxın qohumun vəfatı kimi vacib həyat hadisələri ilə bağlı sənədləşmə prosesi sadələşdirilib. Nikah üçün lazımi sənədləri rəqəmsal şəkildə təqdim etmək, yeni doğulan uşaqların qeydiyyatını onlayn etmək və ailə üzvünün vəfatını qeydə almaq artıq platforma üzərindən mümkündür.
Bakıda yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı olub
Vətəndaşlar bu rəqəmsal sənəd və məlumatları QR kod və ya PDF şəklində paylaşa bilərlər. “mygov” mobil tətbiqində paylaşılan məlumatların tarixçəsi ilə tanış olmaq və nə zaman, hansı qurum və müəssisə ilə paylaşıldığını görmək mümkündür.
Xatırladaq ki, "mygov" şəxsi kabinetinizə Vahid Giriş Sistemi - “Digital Login” vasitəsi ilə daxil ola bilərsiniz. Bunun üçün 5 giriş üsulundan birini seçməyiniz kifayətdir. "mygov" qabaqlayıcı hökumət yanaşmasının tətbiqi ilə elektron xidmətlərin göstərildiyi vətəndaş mərkəzli platformadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.