BAKI, 17 sentyabr — Sputnik. Bu gün Azərbaycanda xüsusən də "TikTok"da gəlir əldə edənlər kifayət qədər çoxdur. Ölkəmizdə "TikTok" və digər sosial şəbəkələrdə gəlir əldə edənlər vergiyə cəlb edilməlidirlər. Bu sahədə müəyyən güzəştlər də tətbiq edilə bilər. Hazırda Azərbaycanda rəqəmsallaşma prosesi gedir.
Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a "TikTok"da gəlir əldə edənlərin vergiyə cəlb edilməsindən danışarkən deyib.
"Vergiyə cəlb olunmanın müxtəlif yolları var"
Ekspert bildirib ki, "TikTok"da gəlir əldə edənlərin vergiyə cəlb olunmasının müxtəlif yolları var: ""TikTok" şirkəti ilə müqavilə bağlamaq və digər yollarla bunu həyata keçirmək olar. Digər tərəfdən, bu sahədə vergi ödəyənlər üçün müəyyən stimullaşdırıcı addımlar atmaq mümkündür. Bu sahədə kifayət qədər gəlir əldə edənlər var və onlar vergiyə cəlb olunmalıdırlar".
"Hazırda sosial şəbəkələrdə yetərincə karyera quranlar var və istəyərdik ki, bunların sayı daha çox olsun. Bu addım Azərbaycan iqtisadiyyatı üçün müsbətdir və ölkəmizin ixrac imkanlarını da artırar. Bir sıra ölkələrdə bu sahədə gəlir əldə edən şirkətlər, fiziki şəxslər çoxdur və bu gün də onların sayı artmaqdadır", - ekspert əlavə edib.
"TikTok" ilə danışıqlar son mərhələdədir"
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov bildirib ki, hazırda Azərbaycan, "TikTok" platformasında kontentin monetizasiyası prosesinin vergiyə cəlb edilməsi ilə bağlı danışıqlar aparır: ""TikTok" istifadəçilərinin Azərbaycanda kontent yaratmaq və yaymaqla əldə etdikləri gəlirlərin tənzimlənməsinə yönəlmiş bu addım ölkənin müasir rəqəmsal ekosistemi formalaşdırmaq strategiyasının mühüm hissəsini təşkil edir. "TikTok" ilə danışıqlar son mərhələdədir".
Dövlət Vergi Xidmətindən mediaya bildiriblər ki, "TikTok" istifadəçilərinin əldə etdikləri gəlirlərin tənzimlənməsi prosesi diqqət mərkəzindədir. Hazırda bu sahədə rəqəmsal nəzarət mexanimzlərinin qurulması, əldə olunmuş gəlirlərin vergi öhdəliyinin müəyyən olunması istiqamətində iş aparılır. Bu da o deməkdir ki, yaxın gələcəkdə bu platformadan gəlir əldə edənlərin vergiyə ödəyicisi olacağı qaçılmazdır.
"TikTok"un nümayəndə heyəti ilə Milli Məclisdə görüş keçirilib
Xatırladaq ki, bir müddət öncə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin "TikTok" platformasının nümayəndə heyəti ilə görüşü keçirilib. Komitə sədri Tahir Mirkişili Azərbaycanda sosial media istifadəçilərinin sayının son illərdə daha da artdığını bildirərək sosial mediadan düzgün və məqsədli istifadənin vacibliyini qeyd edib, geniş tədbirlər planı çərçivəsində qarşılıqlı əməkdaşlıq aparılmasının və maarifləndirmə işlərinin vacibliyini vurğulayıb.
Görüşdə "TikTok" platformasının Şərqi Avropa üzrə ictimai siyasət və korporativ əlaqələrin direktoru Sergey Sokolov səfərin məqsədləri barədə məlumat verib. Azərbaycanda həyata keçirilən layihələrdən söz açan direktor Azərbaycanın zəngin tarixi və mədəni irsinin təbliğində, "startap"ların inkişafı və digər sahələrdə əməkdaşlığın artırılmasında maraqlı olduqlarını bildirib. Görüşdə nümayəndə heyətinin üzvləri tərəfindən Azərbaycandakı platforma istifadəçilərinin, xüsusilə azyaşlıların və gənclərin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş səylər və texniki həllər barədə geniş məlumat verilib. Söhbətdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub, birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Tiktokerlər nə qədər vergi ödəməlidir?
Vergi məsələləri üzrə ekspert Nahid Tağıyev bildirib ki, hər hansı bir şəxs “TikTok” platformasından gəlir əldə edirsə, həmin gəlirə görə 20% dərəcə ilə gəlir vergisi ödəməlidir. Həmin şəxsin orta aylıq işçi sayı 3-dən yuxarıdırsa, bu şəxs 75% vergi güzəştindən istifadə edərək 5% dərəcə ilə gəlir vergisi ödəməlidir. Bundan başqa, həmin şəxs qanunla müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqı və icbari tibbi sığorta haqqı da ödəməlidir.