İQTİSADİYYAT

Azərbaycan-İraq Biznes Şurası yaradılacaq

Nazir bildirib ki, Azərbaycan-İraq Biznes Şurası hər iki ölkənin KOB-ları arasında işbirliyinin daha da artırılmasında faydalı olacaq.
Sputnik
BAKI, 17 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İraq Ticarət Palatalar Federasiyası arasında Azərbaycan-İraq Biznes Şuranın yaradılması haqqında razılaşma imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət Palatalar Federasiyasının prezidenti Abdulrazaq Al-Zuheyri imzalayıblar.
Sənəd Azərbaycan-İraq biznes forumu çərçivəsində imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İraq biznes forumunda çıxışı zamanı deyib ki, Azərbaycan və İraq arasında ikitərəfli iqtisadi, xüsusilə də ticarət və investisiya əlaqələrinin möhkəmlənməsi üçün KOB-lar arasında qarşılıqlı təmasları artırmaq vacibdir.
M.Cabbarov bildirib ki, yaradılacaq Azərbaycan-İraq Biznes Şurası hər iki ölkənin KOB-ları arasında işbirliyinin daha da artırılmasında faydalı olacaq.

"Eyni zamanda, enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında mühüm yer tutur və Azərbaycan bu sahə üzrə potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsində maraqlıdır", - nazir deyib.

Mikayıl Cabbarov
Nazir həmçinin bildirib ki, cari ilin yanvar-iyul aylarında Azərbaycan ilə İraq arasında ticarət dövriyyəsində 49 faizlik artım qeydə alınıb.
“Lakin bu rəqəm gözləniləndən azdır. Ölkələrimiz arasında ticarət potensialı genişdir. Hazırda 170-ə yaxın İraq şirkəti Azərbaycanda müxtəlif sektorlar üzrə fəaliyyət göstərir. Azərbaycan şirkətlərinin də İraqda fəaliyyəti üçün geniş potensial mövcuddur. İraqda böyük infrastruktur layihələrində Azərbaycan şirkətləri podratçı qismində iştirak edib, hazırda ölkədə inşaat, enerji, su təchizatı, yol və körpülərin tikintisinə tələbin mövcudluğu yerli şirkətlərimiz üçün yeni imkanlar açır”, - M.Cabbarov qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.