BAKI, 17 sentyabr — Sputnik. Dünya bazarlarında neft qiymətlərində artım müşahidə edilir. "Fransin" qasırğasından sonra ABŞ-nin hasilatı ilə bağlı narahatlıqları və ABŞ-də neft ehtiyatlarının azalacağına dair gözləntilər neft qiymətlərinə təsir göstərib. Bu da neft qiymətlərinin yüksəlməsinə səbəb olub.
"Brent" markalı neft 34 sent artaraq 73,09 dollar, ABŞ-nin Qrəbi Texas nefti 49 sent artaraq 70,58 dollar təşkil edib.
"Fransin" qasırğasının ABŞ-nin Meksika körfəzində hasilata davam edən təsiri, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcəsinin mümkün azaldılması məsələsi neft bazarı üçün müsbət amildir.
"Azeri Light" markalı Azərbaycan nefti isə 19 sent azalaraq 76,11 dollar təşkil edib.
Yenə də dünyanın ən böyük neft idxalçısı olan Çində gözləniləndən aşağı tələb qiymət artımlarını məhdudlaşdırıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb.
Bu arada Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, "OPEC plyus" ölkələri neft hasilatının bərpasını təxirə salmaq və gündəlik 2,2 milyon barel könüllü hasilat azaltmalarını dekabr ayına qədər uzatmaq qərarına gəlib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.