BAKI, 16 sentyabr — Sputnik. İran İslam Respublikası, Rusiya, Hindistan və Körfəz ölkələri arasında əməkdaşlığı genişləndirmək üçün Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin tranzit marşrutu kimi həyata keçirilməsi vacibdir. Bunu İranın iqtisadiyyat və maliyyə naziri Abdolnasser Hemmati deyib.
Hemmati sentyabrın 16-da Rusiya Federasiyası Prezidenti Vladimir Putinin köməkçisi İqor Levitinlə görüşüb.
İranlı nazir qeyd edib ki, Rusiyanın Şimal-Cənub BND meqalayihəsinə ciddi dəstək verəcəyini gözləyirlər.
"İslam Respublikası höküməti digər ölkələrin layihəyə sərmayə qoymasını dəstəkləyir" deyən Hemmati İranın xüsusi investisiya təşviqləri verməklə digər ölkələrin BND-də iştirakını asanlaşdırmağa hazır olduğunu qeyd edib.
Maliyyə naziri Rusiyanın İrana sərmayələrinin, xüsusilə neft, logistika və tranzit infrastruktur layihələrinə qoyulan investisiyaların genişlənəcəyinə ümid etdiyini bildirib.
Öz növbəsində Rusiya tərəfi bəyan edib ki, BND-nin icrası Rusiya prezidentinin xüsusi sərəncamı ilə həyata keçirilir.
Levitin bildirib ki, ölkəsi Rəşt-Astara dəmir yolu üçün büdcə ayıracaq.
Xatırladaq ki, Şimal-Cənub BND Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) qədər multimodal marşrutdur, dəhlizin uzunluğu 7,2 min km-dir. Bu dəhliz çərçivəsində üç marşrut - transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), eləcə də qərb (Azərbaycan ərazisindən keçməklə) və şərq (Qazaxıstan və Türkmənistan ərazisi ilə) quru yolları mövcuddur.
Rusiya və İran 2023-cü ilin mayında qərb Şimal-Cənub marşrutu üzrə İranın Rəştdən Astaraya dəmir yolunun 1,6 milyard avro dəyərində sonuncu zəruri hissəsinin tamamlanmasına dair sənədlər imzalayıblar. Bu vəsaitin 1,3 milyard avrosu Rusiya Federasiyasının krediti, qalanı isə İran tərəfinin vəsaitidir.