İQTİSADİYYAT

Astara-Bakı-Həştərxan marşrutu üzrə konteyner qatarı işə salına bilər

Azərbaycan Həştərxan vilayəti ilə yük dövriyyəsinin artırılmasında, o cümlədən Kutum stansiyasında dəmir yolu habının infrastrukturundan istifadə edilməsində maraqlıdır.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. Azərbaycan “Astara (İran)-Bakı (Azərbaycan)-Həştərxan (Rusiya) konteyner qatarının işə salınması imkanlarını nəzərdən keçirir. Bu barədə “TASS”a Həştərxan vilayətinin Xarici Əlaqələr Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Azərbaycan Həştərxan vilayəti ilə yük dövriyyəsinin artırılmasında, o cümlədən Kutum (Həştərxan) stansiyasında dəmiryol habının infrastrukturundan istifadə etməklə maraqlıdır.
Nazirliyin məlumatında qeyd edilib ki, Azərbaycan ilə Həştərxan vilayəti arasında əsas yük axını dəmir yolu vasitəsilə həyata keçirilir və "Şimal - Cənub" beynəlxalq nəqliyyat dəhlizinin (BND) qərb xətti ilə gedir. Onun vasitəsilə Azərbaycandan Rusiyaya mallar, həmçinin İran, Türkiyə və Hindistandan tranzit yüklər göndərilir.

“Bu gün Azərbaycan tərəfi Kutum stansiyasında yerləşən Həştərxan dəmir yolu habının infrastrukturundan istifadə etməklə “Astara-Bakı-Həştərxan” marşrutu üzrə konteyner qatarının işə salınması imkanlarını nəzərdən keçirir”, - nazirlikdən bildirilib.

Qurumdan verilən məlumata görə, konteyner daşımaları layihəsinin Azərbaycan Dəmir Yolları tərəfindən həyata keçirilməsi planlaşdırılır və onun nümayəndələri Həştərxana səfər edərək əməkdaşlığın perspektivlərini müsbət qiymətləndiriblər.
Eyni zamanda, “Şimal-Cənub” BND-nin transxəzər hissəsindən yük axınının artırılması istiqamətində fəal işlər görülür. Belə ki, Xəzər klasterinin, xüsusilə liman infrastrukturunun və konteyner habının istifadəyə verilməsi ilə Azərbaycanla dəniz yük daşımalarının aktuallığının artacağı gözlənilir.
Nazirlikdən onu da qeyd ediblər ki, 2023-cü ildə Həştərxan müəssisələri Azərbaycana kənd təsərrüfatı məhsulları, o cümlədən tərəvəz, balıq, iri və xırdabuynuzlu mal-qara ixrac edib. İlk dəfə olaraq Azərbaycan bazarına ümumi çəkisi 1,2 min ton olan Həştərxan kartofu göndərilib.
Ulyanovsk-Bakı-Astara blok qatarı gözləmədədir
Xatırladaq ki, sentyabrın sonunda “Orta Volqa-Xəzər dənizi-Fars körfəzi” logistika layihəsinin qərb dəmir yolu dəhlizi ilə Ulyanovsk-Bakı-Astara (İran) birbaşa yük blok-qatarının fəaliyyətə başlayacağı bu yaxınlarda məlum olub.
“Orta Volqa-Xəzər-Fars körfəzi” logistika marşrutu ilə ildə 200 min tona qədər ixrac-idxal yükləri daşınacaq.
Blok qatarla aqrar-sənaye kompleksi və ağac emalı məhsullarının, eləcə də sənaye mallarının ixracına göndəriləcəyi gözlənilir.
“Şimal-Cənub” BND Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) qədər olan multimodal marşrutdur, dəhlizin uzunluğu 7,2 min km-dir. Bu dəhliz çərçivəsində üç marşrut - transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), eləcə də qərb (Azərbaycan vasitəsilə) və şərq (Qazaxıstan və Türkmənistan ərazisindən) quru yolları mövcuddur.
Rusiya və İran 2023-cü ilin mayında “Şimal-Cənub” qərb marşrutu üzrə dəmir yolunun Rəştdən Astaraya qədər olan 1,6 milyard avro dəyərində sonuncu zəruri hissəsinin tamamlanması ilə bağlı sənədlər imzalayıblar. Bu vəsaitin 1,3 milyard avrosu Rusiya Federasiyasının krediti, qalanı isə İran tərəfinin vəsaitidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.