BAKI, 13 sentyabr — Sputnik. Yaxın Şərqdə və Avropa regionunda gərgin hərbi-siyasi vəziyyəti nəzərə alaraq Minsk və Tehran birgə hərəkət etməlidir. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbərlə görüşdə bildirib.
"Yaxın Şərqdə, Belarusun sərhədlərində, Avropa regionunda gərgin hərbi-siyasi vəziyyət bizə nəinki məsləhətləşmələrə, həm də sizinlə birgə fəaliyyətə ehtiyac yaradır. Dünya çox qütblülüyə doğru irəliləyir və xoşbəxtlikdən, həm İranda, həm də digər ölkələrdə bunu yaxşı başa düşürlər", Lukaşenko bildirib.
Lukaşenko bəyan edib ki, BRİKS və ŞƏT kimi yeni təşkilatlar buna töhfə verəcək.
"Bununla əlaqədar olaraq, İrana ŞƏT-ə daxil olarkən bizə göstərdiyi böyük dəstəyə görə təşəkkür etmək istərdim", - Belarus prezidenti bildirib.
Onun sözlərinə görə, indiki çətin qarşıdurma şəraitində təhlükəsizlik məsələləri ön plana çıxır.
"Lakin siz razılaşmalısınız ki, iki ölkə arasında ticarətin daim artdığını görürük. Ticarət-iqtisadi münasibətlərin ləngiməsinə imkan verməyin, çünki bu, bizim hərəkətlərimizin və münasibətlərimizin əsası, bünövrəsidir", Lukaşenko qeyd edib.