Məktəb direktorları kənardan gələn müəllimləri incidirlər ki, bezib işdən getsinlər
Uzaq kənd məktəblərinə gedib dərs demək maddi cəhətdən müəllimlərə səfr eləmir, üstəlik direktorlar da kənardan gələnləri müxtəlif yollarla incidir, "gözümçıxdıya salırlar".
SputnikBAKI, 13 sentyabr — Sputnik. Azərbaycanın kənd məktəblərində iki min müəllim yeri boş qalıb. Bu sözləri dünən Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir deyib ki, bu əsasən təsviri incəsənət və musiqi müəllimliyi ixtisasları ilə bağlıdır:
"Məsələn, ibtidai sinif və ya ədəbiyyat müəllimliyi ilə bağlı vakant yer yoxdur. Burada iki məqam var. Biri fundamental problemdir. Daha kiçik məktəblərdə az, bəzən cəmi iki-dörd ibtidai sinif olur. Belə olan halda musiqi dərsi cəmi dörd saat olur. Müəllimin oraya getməsi texniki olaraq mümkün deyil. Çünki dörd saatın əməkhaqqı çox aşağı olur. Yaxud doqquz illik məktəblərdə toplasanız bir müəllimin 9-12 saat dərsi olur".
Müəllimləri kənd məktəblərindən didərgin salan səbəb...
Sputnik Azərbaycan müəllimlərin kənd yerlərində işləməyə maraq göstərməməsinin digər səbəblərini araşdırıb.
Şamaxının Nüydü kənd orta məktəbinin biologiya müəllimi Səadət Cabbarlı Sputnik Azərbaycan-a paytaxtdan gedib kənd məktəblərində müəllim işləməyin çətinliklərindən danışıb. S.Cabbarlı bildirib ki, paytaxtda işləyən müəllimlə, kəndə gedib işləyən müəllimlərin əməkhaqqında heç bir fərq yoxdur. Kənd yerlərində işləyən müəllimlərə isə yol pulu müəyyən müddətədək verilir. Üç ildən sonra verilən kompensasiya kəsildiyindən müəllim yol pulunu da özü ödəməli olur. Bu azmış kimi, kənd yerlərində məktəb direktorları kənardan gəlib işləyən müəllimləri müxtəlif yollarla incidir, "gözümçıxdıya salırlar":
"Rayon mərkəzindən 3 km-dən 20 km-ə qədər məsafədə yerləşən kənd məktəbləri üçün müəllimlərə aylıq 90 manat, 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün 180 manat vəsait ödənilir. Mən artıq bu ildən bu pulu da ala bilməyəcəm. Çünki, bu məbləğ ilk beş il üçün ödənilir. Ötən tədris ilində Bakıdan Şamaxıya məktəbə həftədə üç dəfə dərs keçməyə gedirdim. Bu ildən isə direktor dərs saatlarımı bölərək həftənin bütün günlərinə salıb. Bu, o deməkdir ki, mən hər gün Bakıdan Şamaxıya işə gedib-gəlməliyəm. Kənd məktəblərində direktorlar məqsədli şəkildə kənardan gələn müəllimləri incidirlər ki, onlar bezib işdən çıxsınlar".
"Halbuki, dərs saatlarını həftənin üç gününə salmaq mümkündür. Bu yolla kənardan gələn müəllimlərə işləməyə imkan yaratmış olarlar. Əks halda biz hər gün yola 25 manat pul ödəməliyik. Mən bu ildən 550 manat maaş alacam. Ötən il yola həftədə 75 manat ödəyirdimsə, bu ildən həftədə 125 manat ödəməliyəm. Üstəlik bu ildən 180 manat pulu da almayacam. Bu isə aya 500 manat yol pulu deməkdir. Belə çıxır ki, mən aldığım əmək haqqını elə yol puluna xərcləməliyəm. Belə olan halda hansı müəllim Bakıdan uzaq məsafə qət edərək kəndə gedib müəllim işləmək istəyər ki?" - deyə 28 yaşlı gənc müəllim gileylənir.
Çıxış yolu işdən çıxmaqdır?
Şamaxının Nüydü kənd orta məktəbində coğrafiya müəllimi işləyən Adilə Əlihüseynli isə yola çox xərci çıxdığından işdən çıxıb. O, bildirib ki, yaşı 35-dən yuxarı olduğundan ona kompensasiya ödənimədiyindən, işlədiyi müddətdə yol pulunu aldığı əmək haqqından ödəyib.
Nüydü kənd orta məktəbinin direktoru Yaşar Xəlilov isə Sputnik Azərbaycan-a bildirdi ki, uzaq məsafələrdən gələn müəllimlərə imkan daxilində şərait yaradılır. Bəzi müəllimlər sinif rəhbəri və 18 saat dərs yükünə malik olduğundan onların həftənin 5 günü işdə olması qanunvericiliyin tələbidir:
"Kənardan gələn müəllimlərə dövlət yolpulu verir. Onların çoxu kənddə ev tutub qalırlar. Biz imkan olduqca kənardan gələn müəllimlərin dərs saatlarını elə bölürük ki, onlar hər gün məktəbə gəlmək məcburiyyətində qalmasınlar. Amma elə müəllim var ki, həm sinif rəhbəridir, həm də 18 saat dərsi var. Əmək Məcəlləsinin tələbinə görə, belə müəllimlər iş günləri 8 saat işdə olmalıdırlar. 3-5 saat dərsi olanlara güzəşt etmək olur. Amma 18 saat dərsi olan müəllimlər qanunvericiliyin tələbinə görə hər gün işdə olmalıdır. Əks halda valideynlər şikayət edir ki, müəllim sinif rəhbəridirsə, niyə məktəbdə yoxdur, uşaqlara nəzarət etmir. Ona görə də, mən qanunun tələbini yerinə yetirirəm. Əgər müəllimə sərf etmirsə, gəlib işləməsin. İş üçün növbəyə duranlar çoxdur".
Təhsil eksperti Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kəndlərdə iki mindən çox müəllim yerinin boş olması Azərbaycanın təhsil sistemində narahatlıq doğurur.
Ekspert deyir ki, müəllimlərin kənd və rayon yerlərinə cəlb edilməsi üçün əlavə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi vacibdir. Çünki bu problem uzun müddətdir həll olunmamış qalır.
O, bildirir ki, müəyyən ixtisaslar üzrə bölgələrdə boş vakansiyaların olması, müəllimlərin bu sahələrə marağının azalması ilə bağlıdır:
"Bölgələrdə xarici dil müəllimləri çatışmazlığı geniş yayılıb. Bu fənn üzrə müəllimlərin şəhərlərdə iş imkanları daha çoxdur və tələbələr bu ixtisasa maraq göstərsələr belə, kənd yerlərində qalmağa üstünlük vermirlər. Xarici dil təhsili kənd yerlərində aşağı səviyyədə olduğu üçün, müəllimlər də bu sahədə işləməyə maraq göstərmirlər".
Müsahibimiz onu da bildirib ki, ibtidai sinif müəllimləri üçün də kənd və rayon yerlərində vakansiyalar çoxdur. Bu müəllimlərin kənd yerlərinə cəlb edilməsi çətinliklə başa gəlir, çünki ibtidai sinif müəllimliyi çox zaman şəxsi həyatla əlaqəli qərarlara bağlıdır – müəllimlər öz ailələrinin olduğu şəhər yerlərində qalmağa üstünlük verirlər.
Stimullaşdırıcı tədbirlər qənaətbəxş deyil
Ekspert deyir ki, müəllimlərin kənd yerlərində işləməyə həvəsləndirilməsi üçün bir sıra effektiv stimullaşdırıcı tədbirlərin görülməsi vacibdir. Bu tədbirlər həm maddi, həm də sosial aspektləri əhatə etməlidir:
"Kənd yerlərində işləyən müəllimlər üçün xüsusi maaş əlavələri və bonuslar tətbiq edilməlidir. Məsələn, şəhər müəllimlərindən fərqli olaraq kənd yerlərində işləyən müəllimlərə daha yüksək əməkhaqqı təklif edilməli, həmçinin xidmət illəri və pedaqoji təcrübəyə əsaslanan müavinətlər artırılmalıdır. Bu müəllimləri kənd yerlərində qalıb işləməyə həvəsləndirə bilər. Həmçinin kəndlərdə və rayon yerlərində işləyən müəllimlər üçün yaşayış şəraitinin yaxşılaşdırılması vacibdir. Onlar üçün güzəştli mənzil proqramları və ya pulsuz mənzillərin verilməsi, nəqliyyat xərclərinin qarşılanması kimi tədbirlər görülməlidir. Həmçinin kənd yerlərindəki sosial xidmətlər (səhiyyə, təhsil və mədəniyyət xidmətləri) inkişaf etdirilməlidir ki, müəllimlər bu bölgələrdə özlərini rahat və təhlükəsiz hiss etsinlər".
Onun sözlərinə görə, bunlarla yanaşı, kəndlərdə işləyən müəllimlər üçün davamlı təlim və peşəkar inkişaf proqramları təşkil olunmalıdır. Bu proqramlar müəllimlərin bilik və bacarıqlarını inkişaf etdirməyə, onlara daha müasir təlim metodlarını öyrənməyə imkan verəcək. Belə proqramların kəndlərdə də təşkil olunması müəllimlərin şəhərlərə getmədən təlim keçmələrinə şərait yarada bilər.
Eyni zamanda, kənd yerlərində işləməyə razılaşan gənc müəllimlər üçün təhsil kreditlərində güzəştlər tətbiq olunmalı, onların ali təhsilə sərf etdikləri xərclər dövlət tərəfindən qismən və ya tam şəkildə qarşılanmalıdır:
"Bu, gənc müəllimləri təhsil aldıqları müddət ərzində çəkdikləri maliyyə yükünü azaltmaqla kənd yerlərində işləməyə motivasiya edə bilər. Kənd yerlərində işləyən müəllimlər üçün xüsusi karyera yüksəlişi imkanları və sertifikatlar tətbiq edilməli, onların təhsil prosesindəki uğurları xüsusi olaraq qiymətləndirilməlidir. Bu da müəllimlərə öz fəaliyyətlərinin tanınmasına və gələcək karyera inkişafına olan inamını artırar".
Həmsöhbərimiz onu da vurğulayıb ki, müəllimlərin kənd yerlərində işləməkdən imtina etməsinin əsas səbəbləri aşağı əməkhaqqı, sosial şəraitin zəifliyi, peşəkar inkişaf imkanlarının məhdudluğu və ailəvi məsələlərlə bağlıdır. Kənd yerlərində müəllim çatışmazlığı uzunmüddətli bir problem olaraq qalır və onun həlli üçün həm dövlətin, həm də yerli icmaların birgə səyi tələb olunur. Bütün bu problemləri həll etmək üçün uzunmüddətli və sistematik yanaşmalar həyata keçirilməlidir.
Kənd yerlərində işləyənlərə hansı güzəştlər edilir?
Xatırladaq ki, 2021-ci ilin yanvar ayının sonunda pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün kompensasiyanın həcmi artırılıb.
Kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün ödənilən kompensasiya 60 manatdan 90 manata çatdırılıb. Azərbaycanda kəndlərdə çalışan müəllimlərə kompensasiya məbləği artırılsa da, bu onların yaşadıqları yerdən çox-çox uzaqda fəaliyyətləri üçün yetərli deyil.
Qeyd edək ki, son dəyişikliyə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 5 il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 90 manat məbləğində kompensasiya verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.