PAYTAXT XƏBƏRLƏRİ

COP29-la bağlı Bakı metrosunda iş rejimi dəyişəcək? RƏSMİ CAVAB

COP29 Əməliyyat Şirkəti ilə məsləhətləşmələr, tövsiyələrin alınması, müxtəlif məlumatların toplanması mərhələsi davam edir.
Sputnik
BAKI, 13 sentyabr — Sputnik. Hazırda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı "Bakı Metropoliteni" QSC-nin iş rejimində hər hansı dəyişiklik nəzərdə tutulmayıb.
Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, COP29 ərəfəsində Bakıya gələcək qonaqların sayı kifayət qədər çox olacaq: "Bununla əlaqədar yerüstü şəhər infrastrukturunun fəaliyyət rejiminə uyğun olaraq metroda müvafiq tənzimləmələrin hər biri tətbiq olunacaq. Hazırda bütün qurumlarla intensiv əlaqələrin təmin edilməsi, o cümlədən COP29 Əməliyyat Şirkəti ilə məsləhətləşmələr, tövsiyələrin alınması, müxtəlif məlumatların toplanması mərhələsi davam edir. COP29 dövründə həm qonaqların, həm də Bakı metrosundan daimi istifadə edən sərnişinlərin rahatlığı məqsədilə bütün tədbirlər görüləcək".