BAKI, 12 sentyabr — Sputnik. Azərbaycan-Ermənistan sülh danışıqlarında hərəkətlilik müşahidə edilir. Mütəmadi olaraq verilən açıqlamlar fonunda ərgin müzakirələrin getiyini anlamaq olar. Məsələ burasındadır ki, əksər hallarda Ermənistandan verdiyi açıqlamalar Azərbaycan tərəfinin etirazları ilə qarşılanır.
Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın kommunikasiyalarla bağlı verdiyi növbəti açıqlama da bunun bariz örnəyi idi. Nikol Paşinyan bildirib ki, Ermənistanın 9 noyabr 2020-ci il tarixli bəyanata əsasən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı yola nəzarət etmək üçün Rusiya sərhədçilərinin iştirakı ilə bağlı öhdəlik götürməyib.
"9 noyabr tarixli sənədin 9-cu bəndində qeyd olunanlar o demək deyil ki, Azərbaycanı Naxçıvanla birləşdirən yolda Rusiya sərhəd qoşunları olmalıdır. Rusiya sərhədçilərinin Ermənistanda olması Ermənistanın həll etməli olduğu məsələdir. Əgər sabah Ermənistan qərar versə ki, onlar olmamalıdır, onlar olmayacaq da" - Paşinyan deyib.
Azərbaycan XİN isə bildirir ki, Ermənistan üçtərəfli bəyannaməni təhrif edir:
"Bu bizdə təəssüf doğurur. Üçtərəfli sənədin 9-cu bəndində kommunikasiyaların açılması ilə bağlı konkret öhdəliklər var. Əgər Ermənistan hazırkı mövqeyində təkid edirsə, Azərbaycanın alternativ variantları var. Onlardan biri də İran üzərindən müvafiq kommunikasiya xətlərinin çəkilməsidir. Bu istiqamətdə müvafiq işlər gedir. Ermənistan özünütəcrid etmək siyasətini davam etdirirsə, bu, onun öz seçimidir. Bu seçim onların xeyrinə deyil".
Məsələyə Rusiyanın yanaşması isə dəyişməz qalır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiya ardıcıl olaraq Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasının tərəfdarıdır, bununla bağlı bütün tərəflərin maraqları qeyd-şərtsiz nəzərə alınır.
Bununla belə Zaxarova üçtərəfli işçi qrupunun (kommunikasiyaların açılması məsələsi üzrə - red.) razılaşmalar əsasında yaradıldığını xatırladıb, lakin onun işinin yavaşladığına da eyham vurub:
"Təəssüf ki, bizim günahımız olmamaqla, bu qrupdakı işlər düyünə düşüb. Məncə, bunun kimin günahı olduğunu təxmin edə bilərsiniz".
Paşinyanın üçtərəfli bəyanatdan yayınması nəyə hesablanıb?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirib ki, Paşinyan aşkar şəkildə 10 noyabr üçtərəfli birgə bəyanatı təhrif edir və bu onu göstərir ki, Ermənistan rəhbərliyi öz imzasına hörmət etmir:
"Üçtərəfli bəyanatın 9-cu bəndində aydın şəkildə göstərilib ki, Ermənistan Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar respublikası arasında nəqliyyatın və yüklərin sərbəst hərəkətinə təminat verir. Bu kommunikasiya üzərində nəzarəti də Rusiyanın Sərhəd Xidməti həyata keçirir. Bu, olduqca, aydın şəkildə qeyd olunub və Paşinyan buna imza atıb. İndi Paşinyanın belə danışmasından aydın olur ki, həmin dövrdə Ermənistan çox aciz, acınacaqlı və çıxılmaz vəziyyətdə olub və Paşinyan vaxt qazanmaq üçün bu sənədə imza atıb. İndi Ermənistan hakimiyyəti öz imzasından, öhdəliklərindən boyun qaçırmağa çalışır. Bu həm də onu göstərir ki, Paşinyan bundan sonra da hansısa sənədə imza atacaqsa, o sənədin etibarlılığı olmayacaq".
Elşad Mirbəşiroğlu qeyd edir ki, Ermənistan öz imzasına aşkar hörmətsizlik nümayiş etdirir.
Millət vəkili, Elşad Mirbəşiroğlu
© Sputnik
Onun sözlərinə görə, Paşinyan üçtərəfli bəyanatın müddəalarını kommunikasiyalarla bağlı maddəsini təhrif edərək, ağ yalan danışır:
"Paşinyanın verdiyi bəyanatlar bir-biri ilə ziddiyyət təşkil edir. Paşinyan əvvəl dəhliz olacaqsa, üzərində beynəlxalq nəzarətin olacağını bildirirdi. Yəni Ermənistan dövlət başçısı gah üçüncü tərəfin mövcudluğuna qarşı çıxır, gah da digər qüvvələrin nəzarət imkanlarından danışır. Paşinyan ziddiyyətli açıqlamalar verir və öz mövqelərində sərt transformasiyalar edir. Aydındır ki, Paşinyanın buradakı fəaliyyəti həm də Rusiyanı proseslərdən kənarda qoymağa hesablanıb. Ona görə də aşkar şəkildə birgə bəyanatı təhrif edir".
Siyasi analitik Rusiya tərəfinin də buna reaksiya verdiyini xatırladıb.
"Rusiya XİN rəhbəri Lavrov və onun sözçüsü Mariya Zaxarova Paşinyanın mövqeyini tənqid ediblər", professor deyib.
Elşad Mirbəşiroğlu deyir ki, Azərbaycanın irəli sürdüyü prinsipial şərtlər mövcud sənəddə təsbit olunmazsa, bu natamam bir sənəd olacaq:
"Paşinyan bu sənədi imzalamaqla hakimiyyətini uzatmağa çalışır. Bəllidir ki, Paşinyanın bu mövqeyinin arxasında Qərb təlimatları dayanır. Bu gün Ermənistanın başlıca məqsədi öz konstitusiyası ilə ziddiyət təşkil edən sənəd imzalamaqdır. Bununla da onun ratifikasiyası mümkün olmasın və üzərinə məsuliyyət götürmədən vəziyyətdən çıxmış olsun. Çünki Ermənistan konstitusiyasında göstərilir ki, konsititusiya ilə ziddiyyət təşkil edən hər hansı bir beynəlxalq sənəd ratifikasiya oluna bilməz. Bu baxımdan hazırkı şəraitdə müqavilə imzalamaq istədiyini göstərən Ermənistanın gerçək niyyəti əslində onu etibarsız bir sənədə çevirməkdən ibarətdir. Onlar sabah çox rahatlıqla deyə bilərlər ki, bu sülh sazişi əhəmiyyətsiz bir kağız parçasıdır".
"Paşinyan Azərbaycana qarşı revanş etmək, regionda gərginlik yaratmaq istəyir. Ermənistan hakimiyyəti Qərbin maraqlarına uyğun olan yeni geosiyasi vəziyyəti formalaşdırmağa çalışır. Sözsüz ki, Azərbaycanın mövqeyi aydın və prinsipialdır. Azərbaycan Ermənistan təxribatlarının qarşısını alır. Paşinyan isə verdiyi bəyanatlarla özünün və ölkəsinin gerçək simasını ortaya qoyur", porfessor fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.