BAKI, 12 sentyabr — Sputnik. Ermənistan Hindistandan əlavə miqdarda ATAGS 155 mm-lik artilleriya qurğuları almaqda maraqlıdır. Bunu Sputnik Ermənistan-a Hindistanın Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun baş direktoru Sujan Çinoy deyib.
Bundan əvvəl KİV İrəvanın hələ 2022-ci ildə Dehlidən 155 milyon dollar dəyərində qabaqcıl yedəkli artilleriya sistemləri (ATAGS) sifariş etdiyini yazmışdı. Altı 155 mm-lik yedəkli haubitsaların ilk partiyası 2023-cü ilin avqustunda çatdırılıb.
"ATAGS çox manevrli qurğulardır, Hindistanda istehsal olunub və onlar çox uğurludur", Çinoy deyib.
Baş direktor xatırladıb ki, Dehli artıq İrəvana Swathi radar sistemlərini idxal edib, müqavilənin dəyəri 40 milyon dollar təşkil edib. Onun qiymətləndirməsinə görə, Hindistan RYAS dünyada ən yaxşılarındandır və böyük tələbat var.
Çinoy qeyd edib ki, Ermənistan da təxminən 250 milyon dollar dəyərində olan "Pinaka" raket buraxılış sistemlərinə maraq göstərib. Ekspert Hindistanın hərbi sənayesinin inkişafının ölkənin əsas layihələrindən olduğunu vurğulayıb. Son zamanlar Hindistan tərəfi özünü təkcə istehsalçı kimi deyil, həm də hərbi məhsulların tədarükçüsü kimi sübut edir, eyni zamanda müdafiə təchizatı zəncirini təmin etməyə və kiçik və orta sahibkarlığı təşviq etməyə çalışır.
Belə ki, 2024-cü ilə qədər Dehli təxminən 2,5 milyard dollar dəyərində müdafiə məhsulları ixrac edib, 2028-ci ilə qədər Hindistan bu rəqəmi 6,5 milyard dollara çatdırmağı planlaşdırır.
Çinoy hesab edir ki, Ermənistan da müdafiə sənayesini inkişaf etdirmək potensialına malikdir. Hazırda o, startaplara diqqət yetirir. Ermənistanda üç belə şirkət var ki, bu da ölkənin ölçüsünü və əhalisini nəzərə alsaq, kifayət qədər çoxdur. Hindistanda 120 belə şirkət var.
Beləliklə, İrəvan və Dehli hərbi texnologiya sahəsində, xüsusən də startaplarla bağlı fəal əməkdaşlıq qura bilərlər.
Xatırladaq ki, 2024-cü ildə Ermənistan və Hindistan iki ölkənin Müdafiə nazirlikləri arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Planı imzalayıb. Bu görüş iki ölkənin müdafiə nazirlikləri arasında "ilk rəsmi məsləhətləşmə görüşü" olub.
Görüş zamanı Ermənistan və Hindistan arasında hərbi texnologiyalar və kadr hazırlığı sahəsində mövcud əməkdaşlıq və onun inkişaf perspektivləri müzakirə edilib. Birgə işçi qrupunun yaradılması da qərara alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.