MƏDƏNİYYƏT

Otuz dörd hərfdən ibarət Ortaq Türk Əlifbası ilə bağlı ümumi razılıq əldə olunub

Ortaq Türk Əlifbasındakı hərflər Türk dillərində mövcud olan fonemləri əks etdirəcək
Sputnik
BAKI, 11 sentyabr - Sputnik. Sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclası öz işini uğurla başa çatdırıb. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Türk Akademiyasının və Türk Dil Qurumunun Ortaq Türk Əlifbasına dair mətbuata birgə açıqlamasında bildirilib.
Qeyd edilib ki, Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən bu önəmli iclasın əsas məqsədi bu sahədə əldə edilən bilik və təcrübələrin paylaşılması və Komissiyanın ikiillik təcrübəsinə əsaslanaraq Türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılması idi.
İclasda öncə 1991-ci ildə alimlər tərəfindən təklif olunan latın əsaslı Ortaq Türk Əlifbası layihəsi hərtərəfli şəkildə nəzərdən keçirilib. Komissiya üzvləri geniş müzakirələr apararaq bu layihədə diqqət yetirilməsi gərəkli olan məqamları müəyyənləşdirib.
Müzakirələr nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub. Əlifbadakı hər bir hərfin Türk dillərində mövcud olan müxtəlif fonemləri əks etdirməsinə xüsusi diqqət edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.