BAKI, 11 sentyabr — Sputnik. Azərbaycanda 9 ali təhsil müəssisəsinin yenidən təşkili haqqında qərar qəbul edilib. Bu barədə Sputnik Azərbaycan-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Xəbərdə bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Texnologiya Universitetinin, Azərbaycan Rəssamlıq Akademiyasının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Bakı Slavyan Universitetinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Sumqayıt Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Lənkəran Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında müvafiq qərarlar qəbul edib. Beləliklə, qeyd olunan ali təhsil müəssisələri publik hüquqi şəxs statusu alıb.
Bəs görəsən, universitetlərin publik-hüquqi şəxsə çevrilməsinin hansı faydaları olacaq?
Təhsil üzrə ekspert Elçin Əfəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, publik hüquqi şəxs statusu universitetlərə özünü maliyyələşdirmə imkan yaradır. Onun sözlərinə görə, bu statusu alan universitetlər, bəzi təşkilatlarla sərbəst formada birgə fəaliyyətlə bağlı saziş imzalayaraq öz büdcəsini artıra bilərlər.
"Bu da universitetlərin bir-biri ilə rəqabət aparmasına gətirib çıxardacaq. Maliyyə imkanlarını daha da yaxşılaşdıraraq yüksək əməkhaqqı ilə savadlı müəllim cəlb etməyə imkan verəcək. Nəticədə tədris prosesinin keyfiyyəti yaxşılaşacaq", - ekspert bildirir.
E.Əfəndi deyir ki, bütün bunlar publik hüquqi şəxs statusu alan universitetlərdə təhsil alanların gələcəkdə işə qəbul imkanlarını artıracaq:
"Fərdi təşkilatlarla bağlanan müqavilələr təhsilalanların gələcək karyerasına töhvə verəcək".
Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi nizamnamələrə əsasən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nizamnamə fondu 17 791 159 (on yeddi milyon yeddi yüz doxsan bir min yüz əlli doqquz) manat, Rəssamlıq Akademiyasının nizamnamə fondu 3 282 204 (üç milyon iki yüz səksən iki min iki yüz dörd) manat, Azərbaycan Texnologiya Universitetinin nizamnamə fondu 1 920 000 (bir milyon doqquz yüz iyirmi min) manat, Bakı Slavyan Universitetinin nizamnamə fondu 28 798 321 (iyirmi səkkiz milyon yeddi yüz doxsan səkkiz min üç yüz iyirmi bir) manat olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.