BAKI, 12 sentyabr — Sputnik. Artıq dünəndən etibarən Bakıda arıçılıq məhsullarının növbəti sərgi-satış yarmarkası başlayıb. Yarmarkamız üç həftə davam edəcək. Yarmarkada iştirak etmək istəyən arıçıların qeydiyyatı artıq bir həftə bundan öncə elektron qaydada həyata keçirilib.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov jurnalistlərə açıqlamasında deyib.
V.Hüseynov bildirib ki, bu gün yarmarkada Azərbaycanın bütün iqtisadi zonalarından, 39 rayon üzrə 275 arıçı öz məhsulunu yarmarkaya çıxarmaq hüququ qazanıb:
"Kənd Təsərrüfatı Nazirliyi bu yarmarkanı Arıçılar Assosiasiyası, Azərbaycana Qida Təhlükəsizliyi Agentliyi və digər tərəfdaş qurumlarla birgə həyata keçirir. Yarmarkaya çıxarılan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasında analiz olunub".
Nazirlik rəsmisinin sözlərinə görə, analizin nəticələrinə uyğun olaraq təmiz, keyfiyyətli və standartlara uyğun olan balların satışa çıxarılmasına icazə verilib.
"Ümumilikdə bu il bal yarmarkasına 120 tona yaxın məhsul çıxarılıb. Bu məhsulun 105 tonu baldır. Qalan məhsullar isə digər arıçılıq məhsullarıdır", - V.Hüseynov qeyd edib.
Onun sözlərinə görə, bal qiymətləri 20-70 manat arasındadır:
"Bunu məhsulların çeşidindən və maya dəyərindən asılı olaraq arıçı müəyyənləşdirir. Arıçılıq təsərrüfatları mövsüm ərzində bir yerdə fəaliyyət göstərmir, bölgələrə aparırlar. Bunun dərman, nəqliyyat və digər xərcləri var".
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 9-29 sentyabr tarixlərində arıçılıq məhsullarının 24-cü respublika sərgi-satış yarmarkası keçirilir. Yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında ("Gənclik" metro stansiyasının yaxınlığı) fəaliyyətdə olacaq.
Yarmarkada iştirak üçün hər bir arıçıya minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.