BAKI, 11 sentyabr — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktoru Elizabeta Falçetti ilə görüşüb, fəaliyyətində uğurlar arzulayıb.
Nazirlikdən bildiriblər ki, görüşdə Azərbaycanın AYİB-lə müxtəlif istiqamətlər üzrə uğurlu əlaqələri vurğulanıb. Qeyd olunub ki, qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanları genişdir.
Bu kontekstdə Bankla enerji, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib.
Tərəflər AYİB-in Azərbaycanda dövlət – özəl tərəfdaşlığı layihələrində, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması layihəsində iştirakı ilə bağlı, eləcə də COP29 çərçivəsində AYİB ekspertlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Azərbaycanda su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, su təhlükəsizliyinin təmini, əhalinin içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlbi sosial-iqtisadi inkişafda önəm kəsb edir.
Dövlət başçısının dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsinə dair Sərəncamının icrası məqsədi ilə İqtisadiyyat Nazirliyində aidiyyəti qurumların nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb, layihənin icrasına texniki, maliyyə və hüquq sahələrində beynəlxalq təcrübəyə sahib məsləhətçilər cəlb olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.