BAKI, 10 sentyabr — Sputnik. İsrailin sentyabrın 8-də Suriya ərazisinə endirdiyi və Suriyanın suverenliyini pozan zərbələrini qətiyyətlə pisləyir və Yaxın Şərqdə sabitliyin pozulması riski ilə nəticələnən bu cür hərəkətlərdən əl çəkməyə çağırır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda qeyd olunur ki, sentyabrın 8-də İsrail Hərbi Hava Qüvvələri Suriyanın Həma əyalətindəki hədəflərə silsilə hücumlar həyata keçirib. Xarici İşlər Nazirliyindən verilən rəsmi məlumatlara görə, 18 nəfər həlak olub, 37 nəfər yaralanıb, mülki infrastruktur da daxil olmaqla, xeyli ziyan dəyib.
"Biz İsrailin Suriyanın suverenliyini və beynəlxalq hüququn əsas normalarını kobud şəkildə pozduğu zorakı hərəkətlərini qətiyyətlə pisləyirik, biz bir daha İsrail tərəfini Suriya Ərəb Respublikasına qarşı silahlı təxribatları dayandırmağa və bu cür məsuliyyətsiz hərəkətlərdən əl çəkməyə çağırırıq", - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
XİN əmindir ki, hadisələrin bu cür inkişafı heç bir halda İsrailin, eləcə də bölgədəki digər dövlətlərin təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək etməyəcək, bu təxribatların qarşısı alınmalıdır.