BAKI, 10 sentyabr — Sputnik. Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsinin 13 maddəsi və ön sözü tam razılaşdırılıb.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, tərəflər fəal danışıqlar aparır və proses müsbət istiqamətdə gedir. Paşinyanın sözlərinə görə, bu əsas məqamların razılaşdırılması iki ölkə arasında yekun sülh sazişinin əldə olunması istiqamətində mühüm addımdır.
Paşinyan ümid etdiyini bildirib ki, Ermənistan və Azərbaycan regionda sabit sülh və təhlükəsizliyi təmin edəcək yekun razılığa gələ biləcəklər.
Xatırladaq ki, daha əvvəl İrəvanda Lüksemburqlu həmkarı ilə birgə keçirdiyi brifinqdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirmişdi ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəliblər.