BAKI, 10 sentyabr — Sputnik. Azərbaycanda hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək. Güzəştli ipoteka krediti ilə ev alan hərbçilərin aylıq kredit ödənişinin yarısını dövlət ödəyəcək. Bundan başqa, hərbçilər ipoteka krediti götürərkən ilkin ödənişi də dövlət edəcək.
Bütün bunlar Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş yeni sənəddə – "Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası"nda əksini tapıb. Bu Qayda Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən güzəştli ipoteka kreditlərinə dövlət dəstəyini əhatə edir.
Təhsil müəssisələri hansılardır?
Söhbət Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində təhsil almış hərbi qulluqçulardan gedir.
Qaydaya əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 il zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcək.
Qaydaya görə, ilkin ödəniş dövlət tərəfindən ediləcək
Qaydaya görə, hərbi qulluqçular güzəştli ipoteka krediti götürəndə ilkin ödəniş dövlət tərəfindən ediləcək və bu məbləğ alınan evin qiymətinin 15%-i qədər ola bilər. Bundan başqa, kredit üzrə aylıq ödənişlərin 50%-ni də dövlət ödəyəcək. Hərbçilər bu imkandan yalnız bir dəfə istifadə edə biləcəklər, bunun üçün kreditin müddəti 15 ildən artıq olmalıdır.
Bu güzəştdən 2024–2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 il zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən Azərbaycan vətəndaşları olan hərbi qulluqçular da istifadə edə biləcəklər.
"Gənc hərbçilərin mənzillə təminatında çox ciddi bir mərhələ olacaq"
İqtisadçı-ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında bildirib ki, maliyyə dəstəyinin göstərilməsi üçün Müdafiə Nazirliyi, İpoteka və Kredit Zəmanət Fondu və müvəkkil bank arasında informasiya mübadiləsi elektron sistem vasitəsilə həyata keçiriləcək. Lazım olan vəsait isə əvvəlcədən dövlət büdcəsi hazırlanarkən nəzərdə tutulacaq və Müdafiə Nazirliyin bu məqsədlə açılmış bank hesabında saxlanılacaq.
Ekspert qeyd edib ki, bu, hərbi təhsilin təşviq edilməsi baxımından çox önəmli addımdır: "Ən əsası odur ki, bu, gənc hərbçilərin mənzillə təminat məsələsində çox ciddi bir mərhələ olacaq".
Qeyd edək ki, 2024–2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldıqdan sonra məzun olan Azərbaycan Ordusunun hərbi qulluqçuları həqiqi hərbi xidmət müddətinin 5 təqvim ilini tamamlamadan güzəştli ipoteka krediti hüququndan istifadə etdikləri təqdirdə, onlar da nazirliyə yazılı formada ərizə ilə müraciət edərək sonradan maliyyə dəstəyi ala bilərlər. Şərt budur ki, onlar həqiqi hərbi xidmət müddətinin 5 təqvim ilini tamamlasınlar.
Güzəştli ipoteka kreditindən istifadə etməklə satın alınan yaşayış sahəsi özgəninkiləşdirildikdə və ya borcalanların güzəştli ipoteka kreditləri üzrə öhdəlikləri tam yerinə yetirildikdə maliyyə dəstəyinə xitam veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.