DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyanın Türkiyədə inşa etdiyi AES-in ilk enerji bloku nə vaxt istifadəyə veriləcək?

Atom elektrik stansiyası tam işə düşdükdən sonra Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizini ödəyə biləcək.
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. Rusiyanın Türkiyədə inşa etdiyi "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) ilk enerji blokunun 2025-ci ildə istifadəyə veriləcəyi planlaşdırılır.
Sputnik Azərbaycan Türkiyənin "Axşam"qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar bildirib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə hakimiyyəti AES-in ilk enerji blokunu bu il ərzində istifadəyə verməyi planlaşdırırdı. Lakin sonradan bildirilib ki, Almaniyadan avadanlıqların tədarükü ilə bağlı problemlərə görə, istifadəyə verilmə vaxtları daha gec tarixlərə təxirə salınacaq.
""Akkuyu" AES-in ilk enerji blokunun gələn il, dördünün isə 2028-ci ilə qədər istismara verilməsi planlaşdırılır. Atom elektrik stansiyası tam işə düşdükdən sonra Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizini ödəyə biləcək", - nazir bildirib.
Xatırladaq ki, "Akkuyu" Türkiyədə tikilməkdə olan birinci atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu ilin mayında bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.