BAKI, 9 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və Qətərin xarici işlər naziri Məhəmməd Əl-Taninin sədrliyi ilə keçirilən Rusiya-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) yeddinci Strateji Dialoq iclasının iştirakçıları Yaxın Şərq və Afrikadakı böhranların siyasi və diplomatik yollarla həll edilməsinin vacibliyi ilə bağlı razılığa gəliblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi görüşün yekunlarına dair məlumatında qeyd olunub.
Sentyabrın 9-da Ər-Riyadda Rusiya-Körfəz Əməkdaşlıq Təşkilatı Strateji Dialoqu çərçivəsində nazirlərin yeddinci görüşü baş tutub.
"Tədbir çərçivəsində baş tutan maraqlı müzakirə zamanı Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət əsaslı şəkildə araşdırılıb, görüş iştirakçıları yekdilliklə bildiriblər ki, regionda davam edən problemlər və böhranlar siyasi və diplomatik üsullarla həll olunmalıdır" - Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Belə ki, Fələstin-İsrail münaqişəsi zonasında böhranlı vəziyyət müzakirə edilərkən Fələstin anklavında tezliklə atəşkəs əldə edilməsinin və onun sakinlərinə təcili humanitar yardımın göstərilməsinin vacibliyi vurğulanıb.
"İsraillə sülh və təhlükəsizlik şəraitində birgə mövcud olan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan, hamılıqla qəbul edilmiş beynəlxalq hüquqi əsasda hərtərəfli sülh prosesinin başlanmasına şərait yaratmaq üçün beynəlxalq səylərin birləşdirilməsi zərurəti təsdiqlənib" - Rusiya XİN-in bəyanatında deyilir.
Yəməndəki vəziyyəti nəzərdən keçirərkən iştirakçılar beynəlxalq gəmiçilik təhlükəsizliyinin təmin edilməsinin vacibliyi barədə razılığa gəliblər. Eyni zamanda, bu problemin müstəsna olaraq siyasi və diplomatik yollarla həllinin zəruriliyi vurğulanıb. Ümid ifadə edilib ki, Yəmən münaqişəsinin tərəfləri silahlı qarşıdurmanın aktiv fazasının bərpasından qaça biləcək və BMT-nin himayəsi altında daxili siyasi nizamlanma üçün "yol xəritəsi"ni həyata keçirməyə başlayacaq.
Suriyadakı vəziyyətin müzakirəsi kontekstində bu ölkənin suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünə sadiqlik bir daha təsdiqlənib. Silahlı qarşıdurmaya son qoyulması, kəskin sosial-iqtisadi və humanitar problemlərin həllinin zəruriliyi vurğulanmaqla Sudandakı vəziyyət də ətraflı araşdırılıb.
"Rusiya-Körfəz Əməkdaşlıq Təşkilatı Strateji Dialoqunun növbəti səkkizinci iclasının 2025-ci ildə Rusiya Federasiyasında keçirilməsi razılaşdırılıb" - nazirlik qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.