BAKI, 9 sentyabr — Sputnik. Kreml Rusiya prezidenti Vladimir Putinin xarici mətbuata, o cümlədən Wall Street Journal-a müsahibə verməsi üçün hələ bir səbəb görmür. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hələlik belə bir müsahibənin olması bizim üçün maraqlı deyil", Peskov deyib.
Peskov İranın raket tədarükü ilə bağlı iddiaları da şərh edib. O bildirib ki, bu reallığa uyğun gəlmir.
ABŞ nəşrləri, o cümlədən CNN kanalı mənbələrə istinadən İranın Ukraynadakı döyüş əməliyyatlarında istifadə etmək üçün Rusiya Federasiyasına yaxın mənzilli ballistik raketlər ötürdüyünü iddia edib.
"Biz bu məlumatı gördük, bu cür məlumatlar doğru deyil. İran bizim mühüm tərəfdaşımızdır, biz ticarət və iqtisadi əlaqələrimizi inkişaf etdiririk, bütün mümkün sahələrdə, o cümlədən ən həssas sahələr üzrə əməkdaşlığımızı və dialoqumuzu inkişaf etdiririk. Biz bunu ölkələrimizin xalqlarının maraqları naminə davam etdirəcəyik" - Peskov bildirib.
Kremlin sözçüsü deyib ki, Rusiya Ukrayna probleminin həlli ilə bağlı heç bir planı rədd etmir, lakin təfərrüatları bilməlidirlər.
"Bilirsiniz ki, biz qabaqcadan heç bir planı rədd etmirik, lakin nədən söhbət getdiyini başa düşməliyik", Peskov jurnalistlərə Kremlin Almaniya kansleri Olaf Şoltsun münaqişənin həlli üçün plan hazırlaması ilə bağlı xəbərləri görüb-görmədiyi sualına cavabında deyib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin konturları hələ də öyrənilməyib;
"Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə gəlincə, indiyədək bəzi konturlar faktiki olaraq öyrənilməyib, biz Avropa ölkələrindən müxtəlif bəyanatlar eşidirik, lakin bu prosesi təşkil edən kollektiv Qərb tərəfdən bu məsələ ilə bağlı bəyanatlar görmürük" - Peskov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.